Tahir Rzayev ,millət  vəkili : -  "İnsanlarımız mal-qara saxlamağa o qədər böyük əhəmiyyət vermirlər."

İqtisadiyyat 21:27 / 13.01.2026 Baxış sayı: 3775

“Dünya bazarında bu gün ərzaq məhsullarının qiymətlərinin artdığı müşahidə olunur. Eləcə də ətin qiymətində artımlar var. Bu isə Azərbaycanda da müəyyən təsirlərini göstərir. Çünki biz müəyyən qədər ət məhsullarını xaricdən idxal edirik”.

Yenises.a  xəbər  verir  ki,  bu sözləri   mətbuata açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Daxili bazarda qiymətlərin tənzimlənməsində idxalın rolu olduğunu söyləyən komitə sədri bildirib ki, bu, həm də sağlam rəqabətin gücləndirilməsinə xidmət edir:

 

“Əgər nisbətən ucuz qiymətə xarici ölkələrdən ət alınıb gətirilirsə, yerli məhsulun qiymətinə müəyyən qaydada təsir etməlidir və qiymət tənzimlənməlidir”.

Ətin qiymətinin artmasına gəlincə T.Rzayev bildirib ki, bahalaşmanın müəyyən səbəbləri var: “Bu, ilk növbədə, fərdi təsərrüfatlarda mal-qaranın saxlanılmasına olan münasibətdir. Çünki fərdi təsərrüfatlarda artıq mal-qaranın saxlanılması qənaətləndirici deyil. İnsanlar zəhmət çəkmək istəmirlər, həyətyanı sahələrdə, pay torpaqlarında mal-qara saxlamağa o qədər böyük əhəmiyyət vermirlər.

Halbuki bu, çox vacibdir. Hər bir kənd sakini özünün fərdi təsərrüfatını inkişaf etdirməlidir, iribuynuzlu və xırdabuynuzlu heyvan saxlamalı, eləcə də quş yetişdirməlidir. Ancaq statistik məlumatlar göstərir ki, son illərdə ölkədə xırdabuynuzlu qoyun-keçilərin sayı 3 milyona yaxın, iribuynuzlu heyvanların sayı isə 1 milyon azalıb”.

Komitə sədri vurğulayıb ki, bu bir tərəfdən təəssüf doğursa da, digər tərəfdən iri heyvandarlıq təsərrüfatlarının yaradılması müəyyən qaydada ət məhsullarına olan tələbatı yerinə yetirməyə imkan verir:

“Ancaq yenə də xatırladıram ki, kəndçi bilavasitə öz təsərrüfatlarında heyvandarlığın inkişafına, mal-qaranın saxlanılmasına önəm verməlidir. Bu, onun həm ətidir, həm südüdür, həm yağıdır, həm şorudur, həm də onun maddi vəziyyətinin yaxşılaşdırılması üçün çox vacibdir. Lazım olanda ət kimi istifadə edər və ya bazara çıxarıb satar, bununla da öz imkanlarını yaxşılaşdıra bilər. Ancaq bu gün bir çoxları örüş sahələrində ağalıq etməklə, yemin qiymətinin artırılmasını gündəmə gətirməklə özlərinə bəraət qazandırmaq istəyirlər. Heyvandarlıq çətin bir sahədir. Qulluq, qayğı və diqqət tələb edir”.

Sədr onu da söyləyib ki, bu gün bir çoxları bazara 7-8 kiloqramlıq quzuları kütləvi şəkildə kəsməklə, 50-60 kiloqramlıq buzovları mal əti kimi istifadə etməklə heyvandarlığa ciddi ziyan vurrular:

“İnsanlar bu barədə düşünməlidirlər. Biz külli miqdarda ət məhsullarını əbəs yerə xarab edirik. Toylarda və yaslarda israf edirik. Bu, yüz kiloqramlarla deyil, min kiloqramlarla ölçülür. Ona görə də bazarda ətin qiymətinin artması baş verir. Bundan müəyyən işbazlar da istifadə edirlər, aşağı qiymətə kəndlərdən alıb gətirir və satırlar, müəyyən qaydada kiçik sahibkar da bazara çıxışı tam təmin edə bilmir. Bunun üçün müəyyən maneə yaradırlar və bunlar da şərtdir. Ona görə də bu barədə tək dövlət fikirləşməməlidir. Hər bir vətəndaş, hər bir sahibkar, pay torpağı olan hər bir kəs bu barədə fikirləşməlidir. Əks halda, ətin qiyməti artacaq”.