Əlirza Həsrət - DÜNYA NİYƏ BU GÜNDƏDİR
Əriyib mum olub dəmir adamlar,
Sürə bilmir daha ömür,adamlar.
Yapdığını özü yemir adamlar,
Bu nə təndir,nə kündədir,İlahi?
Əsir alıb dünyanı raket,PUA,
Dilə yatmır nə salavat,nə dua.
Təşvişdədir,hamı düşüb qorxuya,
Sanki hamı sürgündədir,İlahi.
Torpaq,hava,bu od,bu da su dünya,
Gözümüzün qaçan yuxusu dünya.
Yaratdığın dünyadırsa bu dünya,
Dünya niyə bu gündədir,İlahi?