Vaqif Yusifli  - Sazın köynəyindən keçən şair – İbrahim İlyaslı

YAZARLAR 16:36 / 04.03.2026 Baxış sayı: 1397

 

Müasir Azərbaycan poeziyasında öz dəsti-xəttini yaratmış, artıq oxucular və ədəbi ictimaiyyət tərəfindən etiraf olunmuş bir çair haqqında söz açmaq istəyirəm. İbrahim İlyaslı 1980-ci ildə Qazax rayonunun Aslanbəyli kəndindən çıxıb Sumqayıta gələndə və ömrünü bu şəhərə bağlayanda bəlkə də heç ağlına gətirməzdi Azərbaycanda tanınmış şairlərdən biri olacaq.Nəinki doğulduğu İncədərəsi bölgəsi, nəinki yaşadığı Sumqayıt, bütün Azərbaycan ədəbi mühiti onu istedadlı bir şair kimi tanıyacaq, etiraf edəcəklər. Mən də həmçinin...

2011-ci ildə İbrahimin “Yuxuma söykənmiş ada” şeirlər kitabı haqqında elə bu qəzetdə bir məqalə ilə çıxış etmişdim. İndi onun “Salam Sahibi haqqdı” adlı yeni şeirlər kitabı da çapdan çıxıb. Tənqidçi həmkarım Rüstəm Kamal kitabda çox maraqlı, məzmunlu bir ön sözlə çıxış edir. Elə ön sözdə söylədiyi fikirlərlə başlamaq istəyirəm: “Rəhmətlik Akif Səməd deyirdi ki, saz su kimidir, murdar götürməz. Akif Səmədin sözünün qüvvəti, saz su daşı kimi sözü duruldur. Yad kəlimələri, dilə yatmaz sözləri öz ahəngində - avazında əridir və könüləyatımlı şəkilə salır.

Daha sonra: “İbrahim İlyaslı aşığın dilini – lüğətini, qoşma, gəraylı qanunları ilə fonetik düzənini gözəl bilir. Aşıq şeirinin forma-şəkil tərəflərini, dilini və üslubunu, aşıq şeirinin fəlsəfəsini dərindən mənimsəməsi də bu üzdəndir.

Təbii ki, Rüstəm Kamalın bu fikirləriylə tam razıyam. Amma mən İbrahim İlyaslını bir başa səpgidə sizə tanıtmaq istəyirəm. İbrahim İlyaslı müasir Azərbaycan poeziyasında SEÇİLƏN şairdir.Bunu necə izah etmək olar? Mən onu Rüstəm Kamal kimi təkcə “aşıq şeirinin əsas nəzm şəkillərində və janrlarında” gözəl şeirlər yaradan bir şair kimi yox, həm də müasir aşıq-xalq şeirinin cavan ustadı kimi səciyyələndirirəm.

Bu gün onlarla, bəlkə lap yüzlərlə şairimiz aşıq-xalq şeirinin müxtəlif şəkillərində şeirlər yazır. Elə İbrahimin mənsub olduğu bölgənin şairləri də. Amma İbrahim İlyaslı bütün bu yazılanları öz yaradıcılığında bir sistem halına gətirir. Ustadnamə, divani, təcnis, qoşma, gözəlləmə, gəraylı, qıfılbənd, müxəmməs.

İbrahim İlyaslı ənənəvi aşıq şeirinə müasir poetik təfəkkürlə yanaşır, daha doğrusu, Aşıq Ələsgərdən, Xəstə Qasımdan, Aşıq Alıdan, Aşıq Hüseyn Bozalqanlıdan, Aşıq Şəmşirdən gələn o ab-havaya XXI əsrin şairi kimi yeni bir nəfəs gətirir. Baxıb görürsən ki, istənilən bir qoşma və gəraylısında məhz o klassiklərin işlətdikləri sözlər, ifadələr, bədii təsvir vasitələri diqqəti cəlb edir, amma bütün bunlar yeni əsrin aşıq şeirinin forma-məzmun xüsusiyyətlərini ehtiva edir.

Səni bəndə vəsf eləməz,

Sən Yerdə mələk kimisən.

Gül dalında düymələnmiş

Qönçədə bəbək kimisən.

 

Şəfəqsən – göydən şaxıyan,

Nəğməsən – sular oxuyan...

Üstü müşk-ənbər qoxuyan

Çəməndə külək kimisən.

 

İbrahim bir qara qulsa,

Şahənşahdı səni bulsa.

Bu dünya bir naşı rəssam,

Sən çərxi-fələk kimisən.

Diqqət edin, bu şeirdə klassik aşıq şeirinə məxsus sözlər, ifadələr var, amma heç bir klassik aşığımız deməzdi “Bu dünya bir naşı rəssam, Sən çərxi-fələk kimisən”. “Sular oxuyan nəğmə”, “Göydən şaxıyan şəfəq” və s. ifadələr də həmçinin.

İbrahimim gözəlləmələrində təsvir olunan sevgili qızlar da keçmiş gözəllər deyil, amma dəxli yoxdur, gözəl gözəldir. Onları istəyirsən klassiklərimizin vəsf elədiyi tərzdə tərənnüm edəsən, istərsə də indiki şeirimizin ifadə tərzləriylə. Amma hiss edəcən ki, İbrahim bu çağımızın gözəllərindən söz açır.

O sevdalı çağlar yadındamı? –

Bir mən igidiydim, bir də sən gözəl

Dünyada mənə tay dəli yoxuydu,

Yoxuydu dünyada sənə tən gözəl.

 

Və heç demirsənmi hardadı görən

Ipək tellərinə nərgizlər hörən?...

Səniydin onlara yaraşıq verən,

Nə çiçək gözəldi, nə çəmən gözəl.

 

Sevgi bir yol gələr adama haqdan,

Sənin divanənəm elə o vaxtdan.

Gözümə ağ gəlib yola baxmaqdan,

Ürəyə xal düşüb, saça dən, gözəl.

 

Gör mən nə saymışam, fələk nə sayıb,

Dönüb sənə baxmaq sayılar ayıb...

Aradan qırx igid ömrü adlayıb,

Mən həmin dəliyəm, sən həmən gözəl!

Klassik aşıq şeirimizdə bir Açıq obrazı var – bu obrazla Dədə Ələsgər də, Xəstə Qasım da içərilərində qayım-qayım qaynayan pünhan dərdlərini izah ediblər. İbrahimqoşma və gəraylılarında duyğusal bir Aşiq kimi ərşi-fəryada qalxır:

Səni görən divanədi,

Bilmirəm, səndən ötəri.

Göz yaşımla dağı-daşı,

Dəlirəm səndən ötəri.

 

Uydurmadım daha nələr?...

Tükənibdi bəhanələr.

Qonşumuza axşam-səhər

Gəlirəm səndən ötəri.

 

İbrahiməm, için-için

Göynəyirəm, gedir köçün.

Ölmürəm yaşamaq üçün,

Ölürəm səndən ötəri!

Mən İbrahim İlyaslını bağlandığı,qopub gəldiyi aşıq şeirləri ənənələrindən qətiyyən ayırmaq fikrində deyiləm İbrahim bütün varlığı o ənənəyə bağlı şairdir, amma o ənənənin müasir dövrdə yeniləndirən şairdir. Məsələn, onun təcnislərinə diqqət yetirəndə özünü XXI əsrdə deyil, sanki XVIII-XIX əsrdə hiss edirsən.

Nazınnan oynayar hərə bir gülün,

Könül, sənin meylin yasəməndədi.

Yasəməni tərpən, yasəməni din,

Yasəməni ağla - yasəmən də di.

 

İrmağa su gələr, dolar arxa da,

Xəlq eləyən Xaliq olar arxa da.

Atişləməz yollar qalar arxada,-

Ya köhlənə yalvar, ya səməndə di.

 

Təbib, yaram çoxdu, bir di dərməni-

Bir doğrayar məni, bir didər məni.

İbrahim, dərdiyin birdi dərməni,-

Yasəmən misallın Yasəməndədi.

 

Mən ötən məqalədə yazmışdım ki, İbrahimin şeirlərində urfan, təsəvvüf qığılcımlarını görürəm. O da haqqa gedən yolun yolçusudur.

İbrahim İlyaslı, budurmu danmaq?

İşin-peşən oldu tutuşub yanmaq.

Haqqı bulunsaymış fələyi danmaq,

Buldim nahaq nəsi, haqq nədi, bildim.

Təbii ki, bu irfani meyil Akif Səməddə, Məmməd Dəmirçioğlunda, Məmməd İlqarda da ötəri deyil, aparıcıdır. Və İbrahim də get-gedə şaxələnməyə gedir. İbrahim İlyaslı mənim fikrimcə, müasir Azərbaycan poeziyasında Məstan Günərdən sonra ən gözəl qoşma yaradan şairlərimizdən biridir. O, qoşmanı məhz QOŞMA kimi yazır və sübut eliyir ki, bu şeir formasının gözəlliyini indi də saxlamaq olar. Öz kəndinə həsr etdiyi qoşmaya diqqət yetirin:

Yenə səni andım, sinəm göynədi,

Başıma hərləndi Yer, Aslanbəyli.

Hər daşın, hər qayan bir kitabədi,

Təpədən dımağa sirr, Aslanbəyli.

 

Sən donan heyrətim, yanan ahımsan,

Üzümə açılan hər sabahımsan.

Andımsan, qibləmsən, qibləgahımsan,

Ocaq Aslanbəyli, Pir Aslanbəyli.

 

Sözümün şəhdidi yalın, yamacın,

Mən sənin tamarzın, mən sənin acın.

Dilimin əzbəri, başımın tacı,

Bir Incə dərəsi, bir Aslanbəyli.

Bu fikri mən onun gəraylıları haqqında da söyləyə bilərəm. 20 Yanvar gecəsinə deyilmiş bir gəraylısını o ağı adlandırır:

Obam, çağlayan çayların,

Axar ikən, axmaz oldu.

Bir mənzilə dolayların,

Çıxar ikən, çıxmaz oldu.

 

Tövlə-tövlə şahbaz atlar...

Yalmanına yatdı yadlar.

Baş-başa gələn buludlar,

Çaxar ikən, çaxmaz oldu.

 

Kül ələndi gözümüzə,

Su səpildi közümüzə.

Göydən Tanrı üzümüzə,

Baxar ikən, baxmaz oldu.

Mən İbrahim İlyaslının yeni şeirlər kitabını onun yaradıcılığında yeni bir hadisə hesab edirəm. Bu istedadlı şairə yeni poetik uğurlar arzulayıram. Amma sözüm hələ bitməyir. Qalsın sonraya...