Tahir Rzayev, millət vəkili : - "Bu, əlbəttə ki, yerli sakinlərə olan qayğı və diqqətdən qaynaqlanır."
Sevindirici, həm də qürurverici haldır ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən abadlıq - quruculuq işləri daha da genişlənir və nəticədə məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar.
Bugünlərdə Ağdərə rayonuna səfər edən Prezident İlham Əliyev rayonun Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb. Sakinlərlə görüşü zamanı ölkə başçısı bildirib ki, rayonun gələcək inkişafı çox parlaq olacaq.
Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfərləri ilə bağlı münasibət bildirən millət vəkili Tahir Rzayev vurğulamışdıt ki, “Elə bir ay, həftə olmur ki, cənab Prezident həmin ərazilərə baş çəkməmiş olsun. İşlərin gedişi ilə tanışlıq, təməlqoyma mərasimləri, vətəndaşlarla görüşlər artıq ənənə şəklini alıb. Bu, əlbəttə ki, yerli sakinlərə olan qayğı və diqqətdən qaynaqlanır.
Cənab Prezident də hakimiyyətə gəldiyi ilk gündən bildirib ki, mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. O, bu gün dediyi sözü əməli fəaliyyətində təsdiq edir və dünyaya nümunə göstərir. Dövlət başçısının Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə də bu münasibət bir daha özünü aydın göstərdi. Artıq həmin ərazilərdə müasir tipli binalar tikilib, infrastruktur layihələri həyata keçirilib və insanların yaşayışı üçün hər cür şərait yaradılıb.
Ancaq təəssüflər olsun ki, Ağdərə kimi gözəl bir məkanı ermənilər işğal etdikləri müddətdə xarabazara çevirib, filiz yataqlarını vəhşicəsinə istismar edib və çox çirkin bir miras qoyublar. Ölkə rəhbəri də bunu öz çıxışında qeyd etdi ki, ermənilər “Dəmirli” filiz yatağından bəlkə 2 milyard dollar dəyərində, bəlkə də çox mis aparıblar:
“Bu, talançılıqdır, qanunsuz istismardır. İndi biz qayıtmışıq, orada işlər qurulub. Qeyd etdiyim kimi, orada 900-dən çox, təqribən 1000-ə qədər iş yeri yaradılacaq”. Ölkəmizin rəhbəri həmin ərazilərin bərpasının uğurla həyata keçirilməsinə diqqəti cəlb etməklə bərabər, həm də bildirdi ki, yeni yaradılan iş yerlərində ancaq bu bölgədən olan vətəndaşlar işləsinlər. Əlbəttə ki, bu, ölkə rəhbərinin yerli sakinlərə öz qayğı və diqqətinin nümunəsidir”.
Millət vəkilinin sözlərinə görə, bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm quruculuq, tikinti, abadlıq, bərpa işləri hər bir Azərbaycan vətəndaşını sevindirir:
“Çünki ölkənin inkişafı üçün iqtisadiyyatın yüksəlişi, vətəndaşların normal həyatı baxımından çox əhəmiyyətlidir və gələcəklə bağlı yüksək nəticələr vəd edir. Ağdərə görüşü də məhz bu baxımdan əhəmiyyətlidir və Azərbaycanın yüksəlişindən, iqtisadi inkişafından, ölkə rəhbərinin öz vətəndaşına qayğı və diqqətindən xəbər verir.
Bölgələrdə iş yerlərinin yaradılması, infrastrukturun qurulması əlbəttə ki, hər bir ərazinin abadlaşdırılması, gələcək üçün hazırlanması və ölkənin inkişafı baxımından çox vacib və dəyərlidir. Bu, özünü Ağdərə görüşündə bir daha sübut etdi”.