Coşqun  Xəliloğlu - DEYİR

Ədəbiyyat 21:09 / 04.03.2026 Baxış sayı: 812

DEYİR

(KÖHNƏ ŞEİRLƏRDƏN)

Qorxaq hünərdən danışır,

Nankor sədaqətdən deyir.

Aciz təpərdən danışır,

Xəbis səxavətdən deyir.

Əyri səhv çıxarır düzü,

Astar bəyənməyir üzü,

Qıyıq tənqid edir bizi,

İynə cəsarətdən deyir.

Dovşan şiri qorxaq sanır,

Tülkü fili sarsaq sanır,

Eşşək atı axmaq sanır,

Donuz ləyaqətdən deyir.

Arı halal işindədir,

Milçək zibil içindədir,

Zəhər ilan dişindədir,

O da ədalətdən deyir.

Mis qızılı salmır saya,

Lampa lağ eyləyir Aya,

Göl: - Arxdır, - söyləyir çaya,

Təpə əzəmətdən deyir.

Çox işlərə qalmışam mat,

Adsız özünə verir ad,

Dəvə arzulayır qanad,

Siçan dəyanətdən deyir.

Nə tənbəl ol, nə də ərin,

Hər addımda düşün dərin,

Ay Coşqun, varmı xəbərin,

Hamı siyasətdən deyir?

2002