Adilə Səfərova - Hər ahda ayrılıq var

Ədəbiyyat 17:00 / 04.03.2026 Baxış sayı: 176

Hər ahda ayrılıq var

Sıxır nəmli gözünü

kövrələndə göy üzü.

Zərif, kövrək olanın

Ümidini göy üzür.

Bulud göz yaşı kimi,

Ələyər narın-narın.

Yuyub silər tozunu,

Al çiçəkli kolların.

Damlalar döyəcləyər,

Titrədər ləçəkləri.

Qəmli baxışlarıyla

Üşüdər çiçəkləri.

Qopsa da budağından,

Haqqı- sayın itirməz.

Ağlama yarı qönçə,

Göz yaşı gül bitirməz.

Solar, qopar çicəklər,

Başlayar ayrılıqlar.

Ahlar qalar budaqda--

Hər ahda ayrılıq var.