FƏRİDƏ LƏMAN- GÜLÜR GÜLLÜ BAHAR

Ədəbiyyat 10:05 / 04.03.2026 Baxış sayı: 148

 

Təbəssümü güldü,baxışları gül,

Xalısı,xalçası,naxışları gül.

Bulağın,irmağın axışları gül,

Gülür güllü bahar,sən də gül,ey Gül!

 

Yaşıl yamaçların donuna bir bax,

Təbiət aləmdi anına bir bax.

Ana qucağıdı qoynuna bir bax,

Gülür güllü bahar,sən də gül,ey Gül!

 

Dumanlar bəyazdı,zirvələr bəyaz,

Götür qələmini gözəllikdən yaz.

Çırtlayan çiçəkdə min əda,min naz,

Gülür güllü bahar,sən də gül,ey Gül!

 

Buludlar yaylığın atıb çiyninə,

Günəş zər-xarasın geyib əyninə.

Dağlar şimşəkləri almır eyninə,

Gülür güllü bahar,sən də gül,ey Gül!

 

Şəlalə çağlayır,dağ çayı daşır,

Ürək sevgi ilə nəğmələr qoşur.

Sevinc qanadlanıb dağ-dərə aşır,

Gülür güllü bahar,sən də gül,ey Gül!

 

Fəridə, ruhunu köklə hər yaza,

Şeir dəftərini hey yaza-yaza.

Toxun qəlb səsinlə sən telli saza,

Gülür güllü bahar,sən də gül,ey Gül!