Məmməd Qədir - Yoğursan məni

Ədəbiyyat 13:32 / 04.03.2026 Baxış sayı: 227

 

Azmışam sənsizlik cəngəlliyində,

Nə olar bir ağız çağırsan məni!

Mən ki, günəş oldum nəmiş bəxtinə,

Nədən bulud kimi yağırsan məni!

 

Yağdıqca çəkilib buludum, çənim,

Ürəyim başıma kəsilib qənim,

Gör neçə taleyə bölünüb dənim,

Tökülmüş başaq tək yığırsan məni!

 

Deyəsən dərdimin bəxti gətirib,

Tapdığım içimdə səmti itirib,

Hər gecə dərdinlə qətlə yetirib,

Hər səhər günəşlə doğursan məni!

 

Ruhuma Məcnunu nəqş edən gözəl,

Anamı ağladıb qəşş edən gözəl,

Ey mənə həyatı bəxş edən gözəl,

Bəs nədən susdurub boğursan məni

 

İlahi, bir dərman et, getdi canım,

Çılpaq doğulmuşdum, lüt getdi canım,

Həyat təndirinə küt getdi canım,

Nə olar təzədən yoğursan məni!