Fərhad Tapdıqoğlu - Sözləri bişirək,sonra dilimizdən düşürək...

YAZARLAR 09:40 / 04.03.2026 Baxış sayı: 104

 

Söz dilimizin ucundadır... Düşəcək indi...

Yox ,qoymayaq düşsün hələ...

Əvvəlcə sözləri bişirək,sonra düşürək dilimizdən...

Yoxsa düşər dilimizdən,kiminsə ayaqları altında partlayar mina kimi...kiminsə bu zaman ürəyi çatlayar... kiminsə ürəyinə qəlpə-qəlpə dolar söz...

Snayperçinin gülləsi kimi beyinlərə tuş gələr bir söz,kimlərisə çərlədər,kiməsə boş gələr bu söz...

Dilimizin ucundan geri qaytarsaq,ola bilsin ki,içimizdə qalıb öldürər bizi...bəlkə də onda içimiz özümüzü yandırar,çölümüzü bizə güldürər zamanında demədiyimiz o söz...elə sözləri Vallah içimizdə saxlamasaq yaxşıdır...demək lazımdır...Elə isə deyək ,bişirib ,dilimizdən düşürək...

Sözlərin də çiyi yeyilmir...

Dilimizin ucundan düşən sözlər ürəkləri oxşasın, insanlar da xoş sözlərə görə ürəyimizi oxşasınlar...

"Ürəyinizə sağlıq " desinlər,sevinsinlər,dünyaları sevincə boyansın,həmin sözləri eşidənlər rahat yatsınlar,yuxudan xoş əhval-ruhiyyə ilə oyansınlar...

Deyirlər "adi söz işıldaquş

böcəyinin işığına bənzəyir, ürəkdən gələn xoş söz isə Günəş işığı qədər hərarətlidir".

Hamımızın xoş sözlərə ehtiyacımız var...Hava kimi,su kimi,çörək kimi,susuzluğa təşnə olan ürək kimi...

Dilimizin ucundan düşən sözləri ehtiyatla düşürək ki,"yıxılmasınlar" ,bizi də "yıxmasınlar"...

Deyirlər ki,"söz ağzından çıxana qədər sənindir."

Elə danışaq,elə deyək ki,sözlərimiz dilimizdən düşəndən sonra onu eşidənlərin üzləri-gözləri gülsün,könülləri şad olsun...