Rəfail Tağızadə :- Zemfira Məhərrəmli yaradıcılığında insan, vətən, həyat...

YAZARLAR 20:00 / 11.12.2025 Baxış sayı: 956

 

Müşahidə qabiliyyətinin güclü olması, psixoloji duyum, düşüncə və bədii təsvirin gücü müəllifin yaradıcılığına geniş imkanlar yaradır.

Əgər əsər sənin ruhunu oxşayırsa, səni o anı yaşamağa məcbur edirsə, düşündürücüdür, yaddaqalandır. Bu istər hekayə olsun, istər şeir, istər povest, roman, ... fərq etməz. Əsas olan onun təsirli olmasıdır.

Tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin əsərlərində bunları görmək mümkündür. Söz Zemfira xanım üçün hər şeydir. Duymaq, görmək, ifadə etməkdir. O, baş verən hadisələri, insanı, cəmiyyəti düşündürən məsələləri obrazlı şəkildə çox incəliklə ifadə edərək bədii formada çatdırmağı bacarır.

Ağrını duymaq. Onu içindən keçirərək qələmə almaq oxucunu hadisənin şahidinə, iştirakçısına çevirmək yazardan xüsusi istedad tələb edir. Vətən, torpaq sevdalı Zemfira Məhərrəmli istər müharibədən, istər insanın taleyindən, istərsə də dünyada baş verənlərdən yazsın, o, ağrını-yaşantıları elə bədiiləşdirir ki, olanlar film kimi göz önündə canlanır. Sən də olanları yaşamış kimi olursan. Qəhrəmanla birlikdə addımlayırsan.

Zemfira xanımın hadisələrə, qəhrəmanlarına münasibəti həyatda insanlara olan münasibəti kimi diqqətli və nəzakətlidir. Əsərlərindəki həssaslıq da elə bundan doğur.

Görünməyən tərəfləri görmək yazar üçün çox vacib keyfiyyətdir. Zemfira xanım bunları duyaraq qələmə alır. Özünü onların yerinə qoya bilir.

Zemfira Məhərrəmlinin ağrısı, yanğısı ruhun ağrısıdır, ruhun yanğısıdır. Bu, sevgidən doğan ağrıdır, yanğıdır, hissdir, yanaşmadır. Onun Qarabağla bağlı istər hekayələrində, istərsə də publisistik yazılarındakı çırpıntı vətən sevgisindən, vətən ağrısından qaynaqlanır. Bu, vətən üçün döyünən ürəyin çırpıntısıdır.

Vətənə, torpağa bu qədər sevgi olmasaydı, əsərlər belə canlı alınmazdı. Bu, o yerlərdə yaşamış həsrətli insanın ürək ağrısı qədər içdən gələn hıçqırtıdır. İstər dağların, dərələrin təsvirində, istər yurd yerlərindən didərgin düşmüş insanların həsrətində bütün bunlar özünü açıq-aydın göstərir. Dağ adamının aranda çəkdiklərində də bu belədi, qoyub gəldikləri dağlara intizarla boylanan baxışların sükutunda da, ...hər hansı bir insanın kövrəlməsində də.

İnsan demədiklərini sükutunda deyir, danışır. Sükutu vərəqə, yazıya köçürmək, hıçqırtını sözlə ifadə etmək yazardan məharət tələb edir.

Açıq qalan, görmək istədiklərini görən gözlərin hər fotoşəkli böyük bir əsərdir. Kirpik çalındıqca, ömür yazısı pərdələrə bölünür.

Zemfira Məhərrəmli Birinci Qarabağ savaşı illərində qaynar nöqtələrə səfərlər etdiyindən onun müharibə mövzusunda yazıları o qədər təbiidir ki, elə bil döyüş bölgəsindəsən. Yaralanmış, döyüşdən çıxmış o adam sanki elə özünsən.

O, hadisənin, gerçək halətin ağrılarını oxucuya aşılaya bilir. Oxucu özünü hadisənin içində hiss edir, olanları yaşayır. Bu, müəllifin yaradıcılığının ən gözəl məziyyətlərindəndir.

Zemfira xanım harda olursa-olsun, maqnit kimi özünə çəkən ağrını duyur və onu yazıya çevirir. Bu ağrılar təkcə Qarabağ ağrısı deyil, insanın və insanlığın üzüntüsüdü, yaşadığıdı, canında çəkdikləridi.

Bəzi əsərlərdən nümunələrə diqqət yetirək...

Çar Nikolayın vaxtında ermənilərin müsəlmanlara qarşı törətdiklərindən başlayaraq, keçən əsrin 90-cı illərinin əvvəllərində Qarabağa yağdırdığı qrad, artilleriya mərmilərindən qarabağlıların didərgin həyatı, itkiləri ilə bərabər, sevdiklərindən də uzaq düşməsinin yaşatdığı ağrıları, üz-üzə qaldığımız vəhşilikləri “Sevgimi neylədin, Daşaltı dərəsi” hekayəsində cəmləyən Z.Məhərrəmli az sözlə böyük bir tarixi, həm də ayrı-ayrı zaman dönəmlərini əks etdirə bilir. Baş verən prosesləri, hadisələri bir sözə, ifadəyə sığdırmaqla oxucusunun gözünü yormayaraq onu düşünməyə sövq edir.

Zemfira xanımın ustalığı təkcə hadisəni olduğu kimi oxucuya çatdırmaq deyil, həm də onu doğuran səbəbləri yığcam fikirlə çox şeyləri izah etmək, anlatmaqdır.

Əsərdə təsvirlər o qədər təbii və yerindədir ki, ora nəyi isə əlavə etməyi düşünə bilmirsən. Şeirdə misraya sözü əlavə edə bilməmək kimi.

Son görüş və ayrılıq... Əbədi xatirə.

Hekayənin qəhrəmanları Salehlə Gülərin sevgisi ötən illərdə Qarabağda yaşanan, yarıda qırılan nakam sevgilərin real bədii təsviri, gerçəkliyin inikasıdır.

Doğma yurd-yuvasından didərgin düşənlərin qürbət ömrü, isti ev-eşiyinə sonuncu kərə kənardan baxışı, göz yaddaşının yığa biləcəyi ağır yük... Sevgilisini qoyub gəldiyi, nəmli baxışların uzana biləcəyi qədər uzandığı, Salehin şəhid olduğu Daşaltı dərəsi...

“Qırxqızın qırxbirincisi” hekayəsi dağ adamının aranda yaşamaq əzabından, çadır həyatından başlayır. Həyatın, yurd itkisinin ağrıları insanın üzündə cığır salan izlərindən oxunur. Heç vaxt yayın qızmarını duymayan, dağ havasını udmuş, zümrüd meşələrdə gəzmiş uşağın, böyüyün yayda bir ağac belə bitməyən səhrada yaşaması, çadırı deşib keçən günəş şüasının içi yanmış insanın kürəyini yandırması, günahsız uşaqların çəkdikləri... sənin də kürəyindən keçib ürəyini yandırır.

Qırmızıyanaq uşaqlarda zaman ötdükcə üzdəki qızartıların qaralması, meydan kimi evdən çıxıb çadıra sığınması qaçqın uşağının yaşadıqlarıdır, çəkdikləridir...

Çadırda, vaqonda doğulub, vaqonun altından asılan beşikdə böyüyən qaçqın uşağının dünyanın bəxtəvər körpələrindən tam fərqli həyatı əsərin sətiraltı ifadələrindən, eyhamlarından bəlli olur.

Zemfira Məhərrəmli tarixi tarixçilərin yox, daha çox yazarların, ədəbiyyatçıların yazdığını, eləcə də ermənilərin özgəninkini həmişə özününküləşdirməyə çalışdıqlarını yaxşı bildiyindən məqam düşdükcə yaşayış yerlərimizin adının yaranmasının izahını verməyə çalışır. Qırxqız dağı kimi.

Evin istiliyinin onun rahatlığı ilə getdiyini azyaşlı uşağın belə anlayacağı sadə dildə ifadəsi mənzərəni göz önündə aydın şəkildə canlandırır.

Əsərdə hamilə Səmanı ermənilərin maşından sürüyüb məhz qarnını nişan almasını oxuyarkən bətndə ölən körpənin son çığırtısı qulaq batırır. Bu, insanlıqdan çox uzaq olan erməni xislətinin bariz nümunəsidir. Xocalıda əsir götürülən ananın döşünü kəsib südəmər körpənin ağzına soxaraq səsini kəsmələri kimi... Bu hekayələr bizim necə bir düşmənlə üz-üzə qaldığımıza əyani sübutdur.

Əsir düşən qadınların məşəqqətli həyatı, qardaşlarının yanına “girov” damğası ilə qayıtmaqdan ölümü üstün tutmaları, yurd itkisi, vətən həsrəti ilə dünyadan köçmə əzabı başqa heç bir əzabla, iztirabla müqayisə oluna bilməz. Əsirlikdə nə qədər ağır xəstə olsa da, “Birdən mənə erməni qanı köçürərlər”, - deyib hər vəclə buna mane olaraq şəhidliyi üstün tutması qadınlarımızın qatil ermənilərə kəskin etirazı, nifrətidir.

Əsirlikdəki qızının qayıtmasına qurban deyən atanın cənazə evə gələndə qurbanlığı kəsməsi qızının meyitinin belə erməni əsirliyindən alınmasının rahatlıq səhnəsidir. Nə qədər ağır olsa da, meyitin əsirlikdən, ermənidən qurtulma sevincidir. Sevincə, bayrama bax, İlahi! Azərbaycan xalqı bu 28-30 ildə nələr yaşamadı, nələr görmədi?! Torpağından pay verdiyi ermənilərin ucbatından dünyada heç bir xalqın yaşamadığını yaşadı.

Qələbə çox şeyləri unutdurur. Amma hər şeyi yox.

Evinin, yurdunun, kəndinin, şəhərinin yerlə-yeksan olduğunu görəndə, doğulub boya-başa çatdığın, yaşadığın yeri, küçəni, evi tapa bilməyəndə, yoxluğa düşəndə xatirələrin də onlarla birlikdə itir, yox olur. Nişanəsi qalmayan xatirələrin. Özünə gələndə “Nə yaxşı ki torpaq var”, - deyirsən. Acı təsəllidir. Amma reallıqdır.

Dağı arana, aranı dağa daşıyan adamın kürəyinə götürə bilməyəcəyi xatirə yaddaşının ağır zaman yükü illərdi yerindən tərpənməyən, köçkünlərin məskən saldığı ev sayılan vaqon yükü boydadır. Nə çəkə bilirsən, nə qurtula. Hara getsən bütün ölkə böyü vaqon-vaqon səpələnmiş bu qatar yükünü özünlə daşıyırsan.

Zemfira xanım yazı-yazı, vərəq-vərəq bu vaqonları geriyə aparacaq qatar kitablara yığdı. Bu vərəq vaqon ağrılarını 30 il ay-ay, il-il darta-darta Qırxqıza, Kirsə boylanaraq o uca, müqəddəs Şuşaya qaldırdı.

Zemfira xanım qəhrəmanlarının ağrısına Şuşa sevinci qatdı. ”Şuşanı aldıq, Şuşa azaddır” hekayəsi ilə. Zəfər Gününün sevinci ilə bu insanların çöhrəsi dəyişdi. Güzgü dağlarda, Cıdır düzündə bu sevinc çox gözəl görünürdü. Gözlər az qalırdı yerindən çıxsın. Bu, yurd, vətən sevgisinin təcəssümü idi. Ağrısı bir olan insanların sevinci də bir olur. Sevincə, gülüşə yadırğamış insanların üzlərindəki parıltı rəssam firçasının dəqiqliyi ilə vərəqlərə hopdu.

Şuşada bütün müqəddəs yerlərdə olduğu kimi hamı doğmalaşır. Hətta ilk dəfə gördüyün insanla qucaqlaşmaq istəyirsən. Bu, sevincin səndən asılı olmayan hissidir, əsl coşğudur.

Burda hamı bir olsa da, hər kəs ani də olsa, küncə çəkilib Şuşayla, özüylə danışmağa çalışır. Bəlkə də, danışacaqlar, söyləniləcəklər də eynidir. Amma hərə özünə bir hücrə qurur, dua edirmiş kimi. Sonra da içi boyu hayqırmaq istəyir. İnsanların yox, dağın, dərənin, çayın, meşənin eşdəcəyi qədər. Necə ki, Gülər haray çəkirdi: “Sevgimi neylədin, Daşaltı dərəsi?”

Bunu Zemfira Məhərrəmlinin qardaş Türkiyədə baş verən zəlzələdən yazdığı “Nöqtə boyda həyat” hekayəsində də görmək olar. Sanki ağrı özü onu çəkir. Yəqin ki, bu həssaslıqdan irəli gəlir.

Müəllif ananın yaşadıqlarını, həyəcanı, ölümlə-qalım arasındakı daxili çırpıntılarını o qədər canlı göstərə bilib ki, oxucu hadisəni görə, yaşaya bilir.

“Sivri daşlar, beton qırıqları aşağı yuvarlandıqca, Ayişə qatı zülmətdə əllərinin yüngül təması ilə balasını yoxlayır, onun zədələnmədiyindən arxayın olmaq istəyir. Cocuğu aramla yedizdirir, başına sığal çəkir, soyuqdan buz kimi olan xırdaca ayaqlarını ehmalca ovuşdurur, titrək əllərini ovcuna alıb dodaqlarına yaxınlaşdırır, nəfəsi ilə isidirdi. Günün hansı vədəsi - gecə və ya gündüz olduğunu dərk edə bilmirdi. Bir sözlə, vaxt, zaman məfhumunu itirmişdi. İtirilməyən isə təkcə Ümid idi. Axıradək çarpışan, sonadək duruş gətirən Ümid!”

Z.Məhərrəmlinin hekayələri haqqında hazırlanmış “Ümid İşığı” tamaşası onun yaradıcılığına baxışın yeni bir formasını oxucularına, izləyicilərinə çatdırdı. Bu uğurlu sınaq, yəqin ki, onun yaradıcılığının zənginliyini göstərməklə yanaşı geniş profilli bir yazıçının imkanlarının çoxşaxəliliyinin təqdimatıdır.

Bu daim axtarışda olan yazıçının başqa bir uğuru idi. Yeni ad, yeni təqdimat.

Zemfira xanımın yaradıcılığındakı duyğu, insanlıq, ön plandadır. O, harada ağrı, inciklik görürsə, onu canında hiss edir və yaşamış kimi qələmə alır. Bu bütün hadisələrə - həyatda, cəmiyyətdə baş verənlərdə də belədir.

***

Zemfira Məhərrəmli qayğıkeşdir. Tanıdıqlarını, ətrafdakılarını diqqətdən kənarda qoymur. Səmimidir, ilk andan səni doğmasına çevirə bilir. Doğmalaşırsan. Özünəməxsus səsinin müraciəti ola bilməzlərin bəri başdan həllinə stimul verir. Bütün hallarda yox deyə bilmirsən.

İmkan daxilində tədbirlərdən qalmır, fikir və düşüncələrini bir jurnalist, yazar, elmli insan kimi yumşaq, həzin səslə, dolğun ifadələrlə bildirir.

Əsərlərindəki publisistikanın bəzən ayrı, bəzən qarışıq forması oxucunu əsərə müxtəlif rakursdan baxmağa vadar edir. Bəlkə də, əsərin diqqətçəkən tərəfi də elə ondadır. Bunun müharibə mövzularında daha çox olması təbiidir, çünki elə məqamlar var ki, orda publisistika lazımdır. Bəzi məqamlarda bədiilik özünü tam doğrultmur. Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı (2015) Ukrayna əsilli Belarus yazıçısı Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” (“Müharibə qadın simalı deyil”) əsərindəki kimi.

Zemfira Məhərrəmlinin əsərlərinin cəlbediciliyi jurnalist baxışıyla yazıçı düşüncəsinin vəhdətindən doğur.

Yaradıcılığında təkcə poeziyaya rast gəlmədiyim Zemfira xanım haqqında yazıya bütövlük gətirmək üçün şeirlərimi də əlavə etdim.

Əsərlərindəki müharibə ağrılarının, işgəncələrin, iztirabların yazmağın əzabını yaşayan dəyərli Zemfira xanımın yazarkən nələrdən keçdiyini, nələr yaşadığını bir yazar olaraq bildiyimdən təbəssümünü yaşatmaq üçün ona bundan sonra sevincdən yazmağı arzulayıram.