Ramiz Qusarçaylı - Sapsarı kövşən içində

Ədəbiyyat 10:30 / 30.03.2026 Baxış sayı: 603

Sapsarı kövşən içində

Məni yuxarı yıxdılar,

Mən yuxarı yıxılmadım.

Məni aşağı sıxdılar,

Mən aşağı sıxılmadım.

Məni dilimdən kəsdilər,

Mən dilimdən kəsilmədim.

Məni sözümdən asdılar,

Mən sözümdən asılmadım.

Məni gücümdən qırdılar,

Mən gücümdən qırılmadım.

Məni içimdən vurdular,

Mən içimdən vurulmadım.

Üstümə dağ aşırtdılar,

Nə dağ batdı, nə də adım.

Dalımca çox daş atdılar

O daşları sığalladım.

Sapsarı kövşən içində

Yaşıl tağam.

Bir belə düşmən içində

Hələ sağam,

hələ sağam...