Səfər Alışarlı - Aktyor Rasim Balayev bizi tərk etdi

YAZARLAR 22:03 / 29.03.2026 Baxış sayı: 213

Aktyor Rasim Balayev bizi tərk etdi. Mənim üçün onun "Xalq artisti" olmasının heç vaxt önəmi olmayıb. Bu haqda ciddi düşündüyümü də xatırlaya bilmirəm.

Yaxşı rolları ilə yadımda qalıb. Məncə, yaşanmış bir aktyor taleyi üçün bir rol, iki rol da az deyil. Kinematoqrafçılar İttifaqının katibi rəhmətlik dostum Abbas Əliyevə görə müəyyən təmaslarımız olmuşdu. Hiss etdiyim ən ümdə keyfiyyətləri sadəlik, təvazökarlıq və onun üzünü nadir hallarda tərk edən böyük sənət qüssəsi idi.
Azərbaycan incəsənətinin, belə deyək, İlhamə Quliyeva dövründə bu xüsusiyyətləri aramaq üçün gündüz çıraqla gəzmək lazım idi. Belə götürəndə, aktyor nədir ki? Klassik mentallitetimizdə aktyorun tamam ayrı obrazı mövcuddur. Kino və teatrın inkişafı onu ciddiləşdirsə də, mahiyyət az dəyişdi.

İllər öncə çoxmilyonluq tirajla bütün covet məkanına yayılan "Sovetski ekran" jurnalının üz qabığında görmüşdüm onun gənclik portretini. Hollivud əfsanəsi ola bilərdi. Sovet hökuməti türkə ondan artıq heç nə etməzdi. Məşhur səhra günəşində çoxarvadlı türk Abdulla roluna gürcü aktyoru çəkməmişdilərmi?

Heç şübhəsiz, Rasim Balayev kinomuz üçün daha böyük obrazlar yarada bilərdi. Həmin obrazları oynamağa onun gücü, potensialı yetərdi, ancaq onları aktyora verməyə Azərbaycan milli dramaturgiyasının gücü çatmadı. Yaxın onilliklərdə də çatacağına inanmıram. Sənət şedevri üçün yaxşı aktyor, yaxşı ədəbi qəhrəman, yaxşı kinolentinin və rejissorun olması azdır. Yaxşı zaman və yaxşı məkan da olmalıdır.

Allah Rasim Balayevə rəhmət eləsin! O, bacardığını etdi, özündən sonra gələnlər üçün boylanmağa da nəsə qoyub getdi.