Ələddin Əzimli - SƏNLİ GÜNLƏRİM

Ədəbiyyat 19:13 / 30.03.2026 Baxış sayı: 223

 

"Sözlərdəki sən"dən

Gedər,

gedər bu qatar

üzü qürbətə sarı.

Həzin duyğularımı, ürəyimi,

uzun illərin sevgisini,

sənli günlərimi aparar.

Əsər,

əsər bu külək

qatıb qarışdırar buludları.

Günəşli yaz öncəsi

yolub tökər

budaqları çiçək-çiçək.

Yağar,

yağar bu yağış

naz sata-sata üzgün şişəklərə.

Qoymaz daşı daş üstə

dağ çəkər

yorğun, qəmli ürəklərə.

Axar,

axar bu çay,

üzü dənizə-gündoğana.

Sığmaz məcrasına,

doğma sahillərinə,

köpüklənər dalğalana-dalğalana...