AY Bəniz - GECƏMİZ
Bir ətirli tumurcuqdur yenə də,
İncə-incə çiçəkləyir gecəmiz.
Təzə-təzə ayaq açan körpətək,
Eşqə doğru iməkləyir gecəmiz.
Tər-təranə bənövşədir hər yanım,
Bu cənnətdən kim istəyər oyanım?
Əllərinə dönür yenə, ay canım,
Saçlarımı hörükləyir gecəmiz.
Hər fəsildən güllər dərib əlinə,
Arı kimi bal qatıbdır dilinə.
Çırpıb-çırpıb, atıb yenə belinə,
Həsrətini sürükləyir gecəmiz.
İstəyi nə, arzusu nə, gücü nə?
Bu gecələr bizsiz necə keçinər?
Od atmışam ürəyimdən içinə,
Xısın-xısın körükləyir gecəmiz.