Məmməd Qədir - Bu gecə

Ədəbiyyat 09:21 / 11.12.2025 Baxış sayı: 1060

 

Yuxuna gələcəm, yuxuna qurban,

Yuxunu açıq qoy, gülüm, bu gecə.

Tutmur yanaqlarım göz yaşlarımı,

Barı yuxularda gülüm bu gecə.

 

Tüstümə dözməzsən, oduma baxma,

Yanarsan, odumun dadına baxma,

İçimdə ağlayan adama baxma,

Üzünə güləcək çölüm bu gecə.

 

Bahar bəxş edəcəm təravətimlə,

Səni bezdirəcəm hərarətimlə,

Çarmıxa çəkəcəm məhəbbətimlə,

Ərşə dayanacaq zülüm bu gecə.

 

Qəlbimdən harayım, hayım daşacaq,

Üzündən nur alıb Ayım daşacaq,

Qarım əriyəcək, çayım daşacaq,

Səni aparacaq selim bu gecə.

 

Ömürdən ölümə bir göz qırpımı,

Hər diri canında ölü çırpınır,

Atacam oduna ən son çırpını,

Göyə sovrulacaq külüm bu gecə.

 

Qoy yatım yazacan , qışdan oyatma,

Dodaqdan oyatma, dişdən oyatma,

İlahi, məni bu eşqdən oyatma,

Göndər mələyini, ölüm bu gecə...