Lilpar Cəmşidqızı - QƏZƏL

Ədəbiyyat 09:40 / 10.12.2025 Baxış sayı: 469

 

Ağacda yarpaq əsməyir, ürək, sən əsdiyin qədər,

Bir eşqə düşmüş adəmin yükün götürmüsən hədər.

 

Cahanda cismi bəndənin ürəklə ruha bağlıdır,

Ömür çayında günlə, ay dayanmadan axar, gedər.

 

Məhəbbət adlı tilsimin içində sevgi gizlənər,

Gülüş qoparsa çöhrədən, təbəssüm əlvida deyər.

 

Nə qədri döngədən keçər, ayaqla baş tapar yolun,

Çalış ki, yol gedən zaman qaranlıq olmasın şəhər.

 

Əlinlə tutduğun kəsin odunda istilik qalar,

Fitil vuranda gizli vur, köz olmamış ocaq sönər.

 

Həyata bağlıdır bu can, çox oynasan, düyün düşər,

Donub qalar damarda qan, açılmayanda bir səhər.

 

Zaman-zaman, sətir-sətir dolubdu köksü Lilparın,

Qalar dibində qəlbinin yazılmayanda bir əsər.