İslam Türkay -Dünyadı...

Ədəbiyyat 10:00 / 10.12.2025 Baxış sayı: 534

***

Dədə, sən gördüyün deyil,

Dəyişən piran dünyadı.

Yenə təzədən bölürlər,

Hər yanda viran dünyadı...

 

Həqiqət göyə çəkilib,

Düz ,düzdə qalıb---əkilib...

Haqqın gözləri tökülüb,

Qanımı soran dünyadı...

 

Fələk saymır, o şah sayıb...

Düz sözü sayırlar--- ayıb.

Düşmənlər qana susayıb,

Belimi qıran dünyadı...

 

Hökmüm yoxdu, dinəmmirəm,

Köhlənimə minəmmirəm.

Mən alçalıb enəmmirəm,

Qolumu buran dünyadı...

 

Su donub ,hava qaynayır,

Hər yanda dava qaynayır...

Şeytan çalır ,cin oynayır

Mələyi yoran dünyadı...

 

İsrafil surun çalacaq,

Hesab o günə qalacaq...

Axırı necə olacaq?---

Bağrımı yaran dünyadı...

 

Qələbəm ,günahım mənim,

Ümidim ,pənahım mənim,

Türkay, qibləgahım mənim

Yenə də TURAN dünyadı