Əşrəf Veysəllidən İKİ ŞEİR
ÇƏKİR
Ayaqlarım- öküzlərim,
Doğmalarım, ekizlərim.
Darta bilmir fərsizlərim,
hərəsi bir yana çəkir.
Kimsə məni soraq alıb,-
Qəlbimi bir maraq alıb.
Dərd əlinə daraq alıb,
saçlarıma şanə çəkir.
Qan ağlayır sağım- solum,
Qəm yoludur indi yolum.
Allahıma qurban olum-
Məni imtahana çəkir.
1993-cü il.
OYNAYIR
Bu qız sevda yaşındadır,
gülnən çiçəknən oynayır,
Eşq havası başındadır,
odnan küləknən oynayır.
Bu qəızı dindirmək olmur,
oyununa girmək olmur.
Ayağını görmək olmur,
əlləri göynən oynayır.
Aydır, göyün üzündədi,
Göy də, ay da özündədir.
Gözü bəyin gözündədir,
guya ki ,bəynən oynayır.
Özü kimi göyçəkmi var,
sözü kimi çiçəkmi var?
Gözəllərdə ürəkmi var,-
Bu qız ürəknən oynayır?!
Bir o qızdır, bir də bizik,
tapşırıbdı dərdə bizi.
Qurudubdu yerdə bizi,
göydə fələknən oynayır.
1991- ci il.