Ehtiram Ilham - Qurtardı
*****
Tanrıdan gəlir nə varsa,
Çoxdu, ya azdı, qurtardı.
Ya qərib bir bayatıdı,
Ya xoş avazdı, qurtardı.
Harda olsan səni ansa,
Cızdağına kimi yansan.
Bircə dəfə quşun qonsa
Yolundan azdın, qurtardı.
Sözü asmaq istədinsə
Qəbir qazmaq istədin sən.
Şeir yazmaq istədinsə...
Yazanlar yazdı, qurtardı.
Ehtiram bəxti söyürdü,
Baxıb, gözünü döyürdü.
... Olanı ya bir şeirdi,
Ya qara sazdı, qurtardı.
3.12.25.