İbrahim Yusifoğlu - Çətin olacaqdı bu payız sənə

Ədəbiyyat 12:45 / 10.12.2025 Baxış sayı: 509

 

Çətin olacaqdı bu payız sənə

Daha sısqa-sısqa yağışlar yağır,

Yağışa qarışan qarğışlar yağır,

Qarğışa qarğıyan şimşəklər çaxır,

Yolların bürünür dumana, çənə -

Çətin olacaqdı bu payız sənə.

Sevdiyin çiçəklər, güllər solacaq,

Pəncərən önündə tüllər solacaq,

Hər solan gününə gözün dolacaq,

Saçların bələnir qırova, dənə -

Çətin olacaqdı bu payız sənə.

Heyin qalmayıbdı çağlamağına,

Ürəkdən hönkürüb ağlamağına,

Sonuncu düyməni bağlamağına,

Taqətin yenibdi yarıya-tənə -

Çətin olacaqdı bu payız sənə.

Bu payız gününü görəydin gərək,

Sevginə bir qəsir hörəydin gərək,

Dizinə-başına döyəydin gərək,

İndi köks ötürmə keçib-gedənə -

Çətin olacaqdı bu payız sənə.

Payız Dədə Qorqud libası geyib,

Hər ömrün payını, adını verib,

Sənəsə nə ana, nə nənə deyib,

Tənhalıq çökübdü solmuş çöhrənə -

Çətin olacaqdı bu payız sənə.

10.12.2019