Hüseyn Arif - YAĞIŞ YAĞIR, SEVGİLİM
İslanır səhər-səhər
Qızılgülün yarpağı,
Mən sevirəm yağışlara
Pəncərədən baxmağı...
Damcıların xoş səsi,
Xatırladır yaylağı.
Körpə quşlar boylanır
Yuvasından arabir,
Təzə qalxan göy otlar
Su içində gizlənir.
Seyr etdikcə bunları,
Gör, sevinir qəlbimiz...
Yağış yağır, sevgilim,
Sular axır, sevgilim,
Varmı bir xəbərin?
Yarpaqlar gəlin kimi
Sırğa taxır, sevgilim,
Varmı bir xəbərin?...