AY Bəniz Əliyar - Yad bir şəhərdəyəm sanki...
Yad bir şəhərdəyəm sanki,
Quşlar dənləyir ayaq izlərimi.
Unutduqlarım kölgə kimi arxamda,
Düşündüklərim sədd kimi önümdə.
Xırda pul kimi səpirəm yollara,
Quşlar dənləyir ayaq izlərimi.
Adamlar görməzdən gəlir,
Adamlar dirigözlü basdırır bir-birini.
Bir uydurma arzu var gözlərimdə,
Gəlinlik geyindirmişəm həsrətinə.
Quşlar dənləyir ayaq izlərimi,
Qatarlar hardasa fit verir ayrılıqlara .
Qanlı köynəyində gülür baharım,
Ətri bihuşdarı kimi zərif.
Amma və lakin... anlamsız...
Quşlar dənləyir ayaq izlərimi.