GÖYƏRÇİN ÖLƏN YER - Aqil ABBAS yazır

YAZARLAR 12:01 / 16.06.2024 Baxış sayı: 1356

(VI məqalə)

Səhər yeməyindən sonra otellə haqq-hesabımızı üzüb çıxmaq istəyirik.

Resepşndə işləyən nəzakətli qız deyir:

- Sizin hesabınızı Səməd müəllim ödəyib.

Səməd Məhərrəmov Şuşa Polis Şöbəsinin rəisidir. Cavan və bacarıqlı bir polis işçisidir. Zəng edib Səməd müəllimə təşəkkür edirəm və oteldən çıxırıq.  Yenə şüşənin altındakı İbrahim xanın silah-sursat fabrikinin dağıntılarına baxıram. 

Sonra da üz tuturuq üzü güləbədinə, yəni Laçına. 

Zastavaya çatanda…

… Laçından və Daşaltıdan Şuşaya gələn yollar bu nöqtədə kəsişir. Keçmişdə bura zastava deyirdilər. Görünür, haçansa əvvəllər burda çar hökumətinin postu olub. 2020-ci ildən sonra isə rus sülhməramlılarının burda qərargahı vardı, guya Ermənistandan Xankəndinə və əks istiqamətə gedən maşınları yoxlayırdılar. Sonra təbiəti sevənlər burda gecə-gündüz mitinq keçirtdilər və bu mitinq də  nəticə verdi. Ermənistandan Xankəndinə gələn silah-sursat maşınlarının qabağını kəsdilər və sülhməramlılar da  məcbur olub həmin maşınları Xankəndinə buraxmadılar, geri qaytardılar. Həmin günlərdə bir xanımın əlində tutduğu göyərçin ölmüşdü. 

… Zastavaya  çatanda İradə deyir:

- Göyərçin burda ölmüşdü?

- Hə. Gəl elə buranın adını Göyərçin ölən yer qoyaq.

Ermənilərlə bacı-qardaş olan dövrdə zastavada yolun altında göy rəngdə bir sandıq   qəbir vardı. Uzunluğu olardı iki metr, hündürlüyü təxminən bir metr, eni də elə o qədər. Üstünə oyma ilə ermənicə nələrsə yazılmışdı. Hər dəfə burdan keçib yaylağa gedəndə o qəbir diqqətimi cəlb edirdi. Bir dəfə atamdan soruşdum ki, orda nə yazılıb? 

Atam:

- Oğul, mən ermənicə danışa bilirəm, oxuya bilmirəm. 

İndi o qəribə qəbiri görmədim. Həmin yerdə sülhməramlıların keçmiş qərargahı var. Görünür, qərargahı tikəndə o daşı götürüblər, ya da dağıdıblar. 

Hava bir az yağışlıdı. Dolamalar başlayır. Şuşadan bir on beş kilometr aralıda Zarıslı kəndi yerləşir. Qədir Rüstəmovun əsli bu kənddəndir.  Kənddə gözəl bir bulaq var ki, suyu İsa bulağının suyundan da dadlıdı. Şuşadan da, Ağdamdan da çox adam gəlib burdan su daşıyırdı. Zarıslıya yaxınlaşanda İradə telefonda Qədir Rüstəmovun «Sona bülbülləri»ni açır. Qədirin səsi ilə giririk Zarıslıya, daha doğrusu, Qədirin xeyir-duası ilə. 

Şuşa-Laçın yolunda təmir-bərpa işləri gedir. Dolamalardan can qurtarmaq üçün çətinliklə də olsa  tunellər qazılır. Bəlkə ona görədir ki,  Zarıslı bulağını tapa bilmədim.

Amma yolun altındakı mağaza durur, qapısı da bağlı. 

Zarıslını keçirik, bir azdan Turşsuya çatacağıq. Turşsuda bir yer var, Sarıbaba dağı burdan başlayır. Bir yol Arandan gəlir Sarıbabanın başlanğıcından fırlanıb Laçına, bir yol da sola dönürsən Kirsə gedir,bir torpaq  yolda Sarıbaba dağına qalxır.

Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimli tələbə yoldaşları ilə Laçına  Arif Paşayevə  köməyə gedirdilər.  Mən də bir az silah-sursat vermişdim.  Ara yollarla gəlib qalmışdılar Kirsdə ac-susuz, Laçına gedib çıxa bilmirdilər. Lesəqora yenib (o zaman Turşsu kəndi belə adlanırdı) çox müsibətdən sonra  mənə zəng edə bilmişdi və çətin vəziyyətə düşdüklərini demişdi. 

Mən də Laçına, Arif Paşayevə telefon açıb ona köməyə gələn uşaqların Kirsdə qaldıqlarını və həmin uşaqları Laçına aparmaq üçün  kömək göndərmələrini  xahiş etdim.

Sağ olsun, Arif Paşayev elə həmin gün atlıları göndərib  uşaqları Kirsdə tapmışdı. 

Deyilənə görə hələ Arif Paşayev canından çox sevdiyi Laçına gedib çıxa bilməyib.

Gəlib çatırıq Sarıbabaya…

… Bir dəfə İradə ilə öz maşınımızla azıb gedib çıxmışdıq Trabzona. Dostumuz Əhməd Varol bir neçə gün bizi Trabzonun görməli yerlərini gəzməyə apardı. Bir gün dağlarda qəribə bir yerlə rastlaşdım. Eynilə bizim Turşsuyu xatırladırdı. Bir yol aşağıdan gəlib Sarıbabaya oxşayan dağın başına fırlanıb  harasa gedirdi, bir yol da Kirsə gedən kimi  sola fırlanırdı. Və burda  elə Turşsuya oxşayan bir kənd vardı və yolun solunda da eynən Turşsuda olduğu kimi, bir yeməkxana. Türkiyənin «Sarıbabasının» yamacında otun üstündə oturub kövrəldim. 

- İradə, yer yerə nə qədər oxşayar? Elə bil həmişə sənə danışdığım Turşsudayıq, Sarıbabadayıq. Şənbə günləri uşaqlarla burda oturub Arandan gələn atalarımızı gözləyirdik. İnanmazsan  hər kəs, hələ maşın görünməmişdən əvvəl, səsindən  bilirdi ki,  gələn maşın onun atasınındı. Qarşılamaq üçün düşüb qaçırdı yola. 
Çox vaxt yaylağa  Turşsuya gəlirdik. Bura əsasən  ağdamlılar, bərdəlilər və ağcabədililər köç edərdi.  Çadır qurardılar, özü də hər kəsin öz çadır  yeri vardı. Kimsə  başqasının  çadır yerində alaçıq yapmazdı ki, bu gün-sabah  sahibi gələcək.  Həmin çadır yerləri  hər kəsin öz mülkü idi. Dörd   alaçıq yerimiz vardı – bizim, dayımgilin,mamgilin, bir də xalamgilin.  Bizdən bir qədər yuxarıda palıd ağacının altında həmişə Xan əmi alaçıq qurardı. Hər səhər tezdən də çıxıb palıdın altında  alt paltarında  idman edərdi. Hamı da Xan əmi tərəfə  boylanıb deyərdi:

- Xan əmi idman edir.

Aşağıda çayın kənarında turşsu buraxan bir zavod vardı, amma işləmirdi. Çayın kənarında  iki bulaq vardı – biri adi su idi, digərindən isə turşsu gəlirdi.
Bir gün dərəyə yenirdim ki, evə turşsu gətirim. Bu vaxt Laçın yolunda iki-üç «Volqa» dayandı. Maşından beş-altı nəfər düşüb  piyada yendilər dərəyə – turşsuya.  Hamı alaçıqlardan çıxıb heyranlıqla gələn adamlara tamaşa edirdi. Gələnlərdən  dördünü tanıdım: Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Zeynal müəllim, bir də Ağdamın səhiyyə şöbəsinin müdiri  Qulu həkim. İçlərində bir nəfər ucaboylu yaraşqlı və qəribə danışıq tərzi olan adam da var idi . Sonradan öyrəndim ki, o professor , məşhur həkim Nurəddin Rzayevdir. Sonralar Nurəddin həkimin Dilruba adlı qızı ilə universitetdə bir qrup da oxuyacaqdıq. Onda Bəxtiyar müəllimin olardı 44 yaşı. Bir o qədər də Xudu müəllimin. İkisi də, xüsusilə Bəxtiyar müəllim, çox məşhur idi.  Adamlar qabaqlarını kəsib evlərinə dəvət edirdilər.  Onlar da nəzakətlə Laçına getdiklərini söyləyib  düşürdülər aşağı. Bulağın başında mən idim. Butılkalara su doldururdum, gəlib çatdılar mənə. 

Qulu həkim dedi:

- Cavan oğlan, bizə turşsu verərsənmi?

Cavan oğlan, mənsə 7-ci sinifdə oxuyurdum. Söz mənə ləzzət elədi.  Stəkanı yaxşı-yaxşı yaxalayıb turşsuyla doldurub qonaqlara uzatdım, təbii ki, birinci Xudu Məmmədova. 

Qulu həkim soruşdu:

- Bəxtiyar Vahabzadəni tanıyırsan?

- Niyə tanımıram. - dedim  və sonra şairin «Torpaqdan pay olmaz» poemasından bir parçanı  əzbər söylədim.  Hansı ki o poema bircə dəfə çap olunmuşdu, sonra qadağan etmişdilər. 

Hələ göz dikmisən Naxçıvana da,
Təbriz də, Sərab da bəlkə səninmiş?
Vartazar yaşayan  bütün ölkələr –
Yəni bütün dünya öz vətəninmiş?
Günahım nədir ki qanqal kimi sən,
Bütün yer  üzünə səpələnmisən...

Çaşıb qaldılar. Bəxtiyar müəllim əyilib məni öpdü. 

Sonralar hamı məni barmaqla göstərib deyirdi ki, bu Bəxtiyar Vahabzadənin öpdüyü oğlandır.Mən də yaylaqda belə məşhurlaşdım.

Qulu həkim soruşdu ki, kimin oğlusan.

- Məhəmmədin. 

- Abbasovun?

Rayon yerlərində vəzifəli  adamları familiyasıyla çağırırdılar. Camaat da bir az kənarda yığışıb  bizə tamaşa edirdi. Bu vaxt atam yaxınlaşdı, qonaqlarla görüşdü  və alaçığa bir stəkan çay içməyə dəvət elədi.

Qulu həkim:

- Abbasov, sağ ol, su içdik, yolumuz uzaqdı Laçına gedirik.

Bəxtiyar müəllim:

- Oğlundan  muğayat ol, deyəsən, şair olacaq. 

Amma mən şair olmadım, yazıçı oldum. 

Ardı qalsın sonraya.