Sabir Zəkullaoğlu : - Kasıblığın üzü qara olsun.

YAZARLAR 17:17 / 21.06.2024 Baxış sayı: 3236

 

Sabah yenə də qonşuluqda toydur. Sabahkı toya yazılacaq nəmərin dərdi, Məhəmmədi öz aquşuna almışdı. Necə etsin, nə cür etsin ki, qonşu Səyədullanın oğlunun toyunda alnı açıq, üzü ağ iştirak edə bilsin..

Axı Səyədulla onun həm də əsgərlik yoldaşı olmuşdu.

Əsgərlik yoldaşı olmaq, əslində, qonşuluqdan da, dostluqdan da üstündür.

Bu söz birləşməsi, özündə hər şeyi ifadə edir..

Məhəmməd ucqar bir dağ kəndində yaşayırdı.

Əgər buna yaşayış demək olarsa. Çünki tək bu gün deyil ki, Məhəmməd hər gün bir problemin ucbatından gecəni normal yata bilmirdi.

Ancaq bu gecənin dərdi heç çəkilən deyildi. O sabahkı toyda özünü təsdiqləməliydi. İllərdir, "sənin oğlunun toyunda gör əmisi nələr edəcək" deyən Məhəmmədi, indi o toydan cəmi 13 saat ayırırdı.

Vaxt daralır, vəziyyət getdikcə gərginləşirdi. Artıq sübh namazının vaxtı idi. Məhəmməd yerindən cəld qalxıb, paltar dolabının üstündə, qara parçaya bükülmüş Quran kitabının yanına qoyduğu, dörd qatlanmış, qıraqları naxışlı, qara rəngli ceynamazı götürüb eyvana çıxdı. Tez dəstamaz alıb, sübh namazında səcdəyə getdi.

Adətən sübh namazını yüksək səslə qılan Məhəmməd, bu dəfə nədənsə astadan, ürəyində Allahla öz təmasını qurdu.

Namazdan dərhal sonra elə bil Allahdan ona vəhi gəlmiş kimi, tez çəpər qonşusu olan, anasının tövləsinə doğru qaçdı.

Anasının qoyunlarını içində, ən gözədəyimli bir toğlunu əvvəlcə gözaltı etdi. Sonra ətrafa boylanıb, heç kimin olmadığına əmin olduqdan sonra, toğlunun ayaqlarını gələndə özüylə gətirdiyi kapron iplə bağlayaraq, çiyninə atdı. Maşın yaxında olsa da, toğlunu maşına gətirənə qədər az qala nəfəsi kəsilmişdi.

Tərs kimi, oğlu da tez-tez mələyirdi. Təbii ki, bu da Məhəmmədə əlavə stres yaşadırdı.

Toğlunun səsi çıxmasın deyə, tez cibindəki dəsmalı çıxarıb, toğlunun ağzını bağladı...

Nə qədər çətinlik olur olsun...

Kasıbın da Allahı var.

Məhəmməd bazara çatan kimi müştərilər toplaşdı onun başına. Daha doğrusu toğlunun başına.

Nəyə də olmasın?

Toğlu lap Allahın İbrahimə göndərdiyi qoç kimiydi. Buynuzları spiral kimi burulmuş, dizi gözü, ala, qara bir qoç idi.

Ümumiyyətlə qara rəng müsəlmana uğur gətirən təndir.

Hicab qara, ələm qara, gün qara..

İllah da qara toğlunun əti daha dadlı olur. Həm də gecə vaxtı oğurluğu həyata keçirmək üçün bu rənğ daha münasibdir.

Əlqərəz..

Məhəmmədin işini Allah düzəltdi.

285 manatla allah xeyir versin deyib, toğlunu xeyirlışdi.

Bütün olub keçən stresi başından atmaq üçün, dünəndən boğazından su keçməyən Məhəmməd özünü verdi Sakitin pivəxanasına.

Əvvəlcə bir bakal sərin pivədən vurub, bir lülə, bir tikə, yanında da bir şiş pamidor olsun deyə, bir sifariş verdi.

Yaxşı nahar edib, yolüstü bazarlıq da edın Məhəmməd günorta saatlarında evə çatdı.

Artıq qonşuluqdan musiqi sədaları gəlirdi. Orxanln toy mərasimi başlamışdı.

Məhəmməd toydan - toya geyindiyi qara kostyumunu geyinib, toya yollandı.

O, Sakitin pivəxanaslnda içdiyi pivənin üstünü də toyda düzəldib, meydana girdi..

Musiqiçilərin stolunun üstünə, şəstlə bir onluq da atıb, əvvəlcə bir ana muğamı sifariş verdi. Daha sonra şıdırğı bir mahnı çaldırıb oynamağa başladı..

Bax beləcə, Məhəmməd bu günü də belə yaşadı..