Əlisəfa Azayev : - Yevlax təəssüratı...

MƏDƏNİYYƏT 10:55 / 12.06.2024 Baxış sayı: 4603

Yevlaxa səfər etmək həvəsi məndə qəflətən yarandı. Buna heç peşman da olmadım...

Əksinə bu səfər boyu gözəl insanlarla qarşılaşdım, görüşdüm, fikir mübadiləsi etdim.

Yazı-pozuya meyilli bir adam üçün bundan gözəl nə ola bilərdi ki?!

Daha doğrusu, bu səfər arzusu məndə həmyerlimiz, tanınmış hüquqşünas İkram Kərimovla Kürdəmir şəhər 5 saylı tam orta məktəbin binasında – böyük zalında keçirilən görüşdən sonra yarandı. Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov da iştirak edirdi. Onun deməsinə görə, Kürdəmir şəhər 1 saylı tam orta məktəbində İkram Kərimovla keçirilən görüşdən sonra belə bir tədbiri həyata keçirmək arzusunda olub. Hüquqi biliklərin öyrənilməsi, təbliği üçün. Özü də tədbirdə regionun əhatə etdiyi məktəblərdən də şagirdlər iştirak edirdi. Həyətdə xeyli sayda mikroavtobus, minik maşınları dayanmışdı.

İkram müəllimlə keçirilən görüşün təəssüratı gözəl, xoş idi. Onun keçdiyi zəngin həyat yolu... Uzun müddət müstəntiq, prokuror, hakim işləməsi fəal həyat mövqeyi tutmasına səbəb olmuşdu. Hüquqa, qanunçuluğa aid saysız-hesabsız suallara aramla cavab verirdi. Bir şəhid anası soruşdu:

- İkram müəllim, bir hərf hökmü dəyişə bilərmi?

İkram müəllim hazırcavablıqla dedi:

- Xanım, əlbəttə ki... Hətta bir həyatı, taleyi də dəyişə bilər...

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovla yanaşı, hakim Müseyib Bayramov, rayon prokuroru Tural İbrahimov, MTN-nin Kürdəmir rayon şöbəsinin rəisi Ceyhun Şıxıyev və başqaları da iştirak edirdilər. Onlar İkram müəllimin hazırcavablıqla dediyi sözlərə gülümsədilər. Zalı məktəblilərin gülüş, qəh-qəhə səsləri bürüdü. Bir andaca içəridə xoş əhvali-ruhiyyə yarandı.

Regionun rəisi ilə görüşmək, tanış olmaq imkanı olsa da, o buna cəhd göstərmədi. Yevlaxa gedəsi oldu. Rəislə təklikdə söhbət etmək fikrində idi. Belə bir fikir səsləndirildi: "Regionda tədbir keçirməyə yol verilmir". Bugünkü canlanma heç də belə bir mövqeyin olmamasını ortalığa qoyurdu.

Həmin gün qəbul günü olsa da, hüzürləri düşməsi səbəbindən Elçin müəllimin Mingəçevirə səfər etdiyi bildirildi. Məni regionalın rəis müavini Cavad müəllim qarşıladı. Sadə, səmimi bir insan idi. Gəlişimin əsas məqsədini ona bildirdim. Hətta öz kitablarımdan bir neçəsin rəis üçün hədiyyə etdim. Cavad müəllim söhbət zamanı məni xeyli sakitliklə dinlədi. Ünvanıma xoş sözlər dedi. Hətta dedi ki, rəis, sözsüz ki, sizi şəxsən dəvət edəcək.

Mən söhbət zamanı şagirdlərin, gənclərimizin hüquqi biliklərin təbliği, hərbi-vətənpərvərlik tərbiyəsinin genişləndirilməsi ruhunda tərbiyə olunmasına üstünlük verilməsi, vacibliyi məsələlərindən söhbət açdım. Özümün də kifayət qədər həyat təcrübəsinə malik olan bir yazıçı, insan olduğumu bildirdim. Taleyin hökmü ilə on ilədək müəllim, iki il "Bilik" cəmiyyəti Kürdəmir rayon təşkilatında məsul katib, on beş il Kürdəmir XDS İcraiyyə Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işlədiyimi qeyd etdim. Daha sonra da iyirmi bir il Siyəzən rayon dövlət notariusu kimi fəaliyyətim... Bu müddətdə illərlə Xızı, Dəvəçi (Şabran) rayon dövlət notariuslarını da əvəz etmişəm. Üstəlik də bir ilə yaxın Siyəzən rayon Məhkəmə hakimini əvəz edərək həmin məhkəməyə sədrlik etmişəm. Çap olunmuş qırx kitabım da ümumi halda 100.000 tirajdan artıq sayda çap olunub yayılmışdır. Kitablarım isə təkrar nəşrlə daha çoxdur. Hər kitab iki, üç dəfə çap olunub axı. 1000 – 1000 tirajla...

Rayonlara səfər edəndə ilk növbədə Mərkəzi kitabxanaya, sonra notariat kontorlarına gedirəm. Bu artıq illərin vərdişidi. Bu gün də belə oldu. Gözəl, günəşli hava vardı. Həmişə də ictimai nəqliyyatdan istifadə etməyə çalışmışam. Yevlaxa da belə bir mikroavtobusla gəlmişdim. Neftçala – Gəncə xətti üzrə işləyən maşın idi. Sürücüsü də canlara dəyən bir veteran – 44 günlük Vətən müharibəsinin iştirakçısı idi. Yaralanmışdı da. Ancaq di gəl o qədər razılıq hissi ilə danışırdı ki... Belələrini görəndə adamın ürəyi açılır. Bəziləri kimi Böyük Zəfər günümüzə kölgə salası hərəkətlər etmirlər.

Şəhərdə insanlar şad-xürrəm idi... Bir xeyli işçi yol təmiri ilə məşğul görünürdü. Səslər eşidilirdi:

- Keçmiş İcra başçısı... Vaxtında çox işlər görüldü. Xeyli sayda hündür, möhtəşəm inzibati bina tikildi...

- O da gərək səbrli olaydı da. Hər hürənə daş atmazlar...

- Çox təəssüf... Belə bir adam ləkələndi, işindən vəzifəsindən kənarlaşdırıldı da...

- Ona böyük etimad göstərilirdi...

- Elə indikilərə də... Ancaq gör nə edirlər. Bu səbəbdən neçəsi tutulub, həbs edilib... Yenə də yığışmırlar da özlərinə.

- Sən onu demə... İndi qorxur, ehtiyat edirlər...

Mərkəzi kitabxananın hündür, şüşəbəndli yaraşıqlı binasında məni çox qonaqpərvərliklə qarşıladılar:

- Əlisəfa müəllim, xoş gəlmisiniz! Bu dəqiqə direktoru çağırım...

Dərhal dilləndi:

- Əziyyət verməyin... Özüm çıxaram ikinci mərtəbəyə, yuxarı...

- Siz əyləşin, bu dəqiqə gələr...

Vüsalə xanım tez-tələsik gəldi də. Onunla mehribançılıqla salamlaşıb görüşdü də. Biz köhnə tanışlar idik. Artıq üçüncü dəfə idi ki, burada olurdum.

Yetmiş illik yubileyimdə Yutubda otuzdan artıq videoçarx qoyulmuşdu. Onlardan biri bu kitabxanaya məxsus idi. İndi də bu barədə bəhs etdik. İyirmidən artıq kitabını stolun üstə düzdülər. Oxunmuş, əldən düşmüş kitablar idi. Hər birində xeyli sayda oxucu qeydə alınmışdı.

Yenə də həmin söhbət təzələndi. Bir dəfə orada olanda, oxucu sayının çoxluğundan danışanda dedi:

- Hər şey indi öz adı ilə çəkilir, öyrədilir, mütəxəssis hazırlanır. Keçən səfər də dediniz... Bəzi tələbələriniz, oxucularınız səhlənkarlıq edirlər də.

- Kitab oxumaq heç vaxt gec deyil.

Başda direktor olmaqla söz verdilər ki, tezliklə sizin oxucularımızla görüşünüzü təşkil edib keçirəcəyik. Hətta telefon nömrəsini də aldılar. Ancaq deyim ki, mən buna bir o qədər ümidli olmadım. Üçüncü dəfə idi ki, məndən telefon nömrəsi alınırdı. Onları da qınamağın adı yox idi. O qədər maneəçilik törədənlər vardı ki.

Həmin gün Yevlax şəhər notariat ofisində də oldum. Notarius Elxan müəllimi çoxdan tanıyırdım. 2010-cu ildə avtoqəzaya düşüb, müalicə olunanda evimizə etibarnamə vermək üçün gəlmişdi. Onda Kürdəmir rayon dövlət notariusu idi. Sonrakı görüşüm Mingəçevir şəhərində oldu. Orada işləyirdi. İşinə dəqiq adam kimi tanıyırdı onu. Vətəndaşlarla xoşrəftar idi.

Yevlaxda hər dəfə olanda Şəhər Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkmək istəsə də, nədənsə bu alınmırdı. Heydər Əliyev prospektində yerləşirdi. Yaraşıqlı, qədim üslubda tikilmiş çox özünəməxsusluğu olan hündür özüllü bir bina idi.

Qapını açıb içəri keçmək istəsə də, qapı açılmadı. Bir daha yüngülvari ona toxunsa da, yenə həmin vəziyyət. Odur ki təəssüf içində oradan uzaqlaşmaq istəyirdi ki, qapını açılan gördü. Muzeyin direktoru Kəmalə Mikayılova imiş.

2008-ci ildən bu vəzifədə işləyir. Qayğıkeşliklə dedi:

- Müəllim, burdayıq...

- Çox yaxşı... Salam...

- Salam... Xoş gəlmisiniz... Buyurun içəri.

Mən istər-istəməz öz fikrimi bildirdim:

- Deyəsən, qapıda nasazlıq var?

- Hə, bir az...

- Beləcə olsa, bura gələnləri itirərsiniz...

Xanım narahat halda dedi:

- Yox... Bura gələn görməsə də, biz içəridən görüb dərhal qapını açırıq.

- Üzürlü səbəbdən ləngiyə də bilərsiniz.

Xanım muzeylə məni tanış etdikcə texniki işçi Kəmalə Məmmədova telefonla bizim şəklimizi çəkməkdə idi. Əvvəl Vətən Müharibəsi iştirakçıları, şəhidlər üçün təşkil olunmuş guşəyə baxdıq. Burada hər şey çox səliqə-sahmanlı idi. Sonra da böyük zala keçdik. Müxtəlif eksponatlar çoxluğu diqqət cəlb edirdi. İlk növbədə fauna və flora bölməsi. Yevlax ərazisində yaşayan vəhşi heyvanların, quşların gözəl hazırlanmış müqəvvaları lap canlı kimi görünürdü. Xüsusilə böyük südlük keçi... Sonra da tülkü, çaqqal, canavar... Onlar, sanki, müqəvva deyil, canlı idilər... Çox ustalıqla hazırlanmışdılar...

Qədim küplərə baxanda istər-istəməz böyük şairimiz Səməd Vurğunun bu ölməz şeirini xatırladı:

 

Kim bilir neçədir dünyanın yaşı,

Tarixin neçə min yazısı vardır.

Hər saxsı parçası, hər məzar daşı,

Nəsildən-nəsilə bir yadigardır.

 

Muzey Yevlax şəhər Heydər Əliyev prospekti, 72 saylı ünvanda yerləşir. Yerli telefonu 022-33-6-02-98

Ulu Öndərimiz Heydər Əliyevin qiymətli sözləri diqqətini cəlb edir: "Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmət və ehtiramla yanaşaq". Yerli, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Şamama Həsənovanı xatırladıq...

Muzeydəki qədim qab-qacaq, irili-xırdalı küplər, iti qılınclar, qalxanlar, xəncərlər, oxlar qədimlikdən xəbər verir.

18 May – Muzeylər Günüdür. Belə günlərdə məktəblilərin muzeylərə ekskursiyası həmişə təşkil olunmalıdır. Muzeylər həm də keçmişə səfər etmək, əcdadlarımızın yaşam tərzinə bələdçilik deməkdir. Necə ki, böyük filosof şairimiz Məhəmməd Hadi yazmışdır:

Bəşər tarixi matəmdir, bəşər tarixi möhnətdir,

Yazılmış qissələr başdan-ayağa həp müsibətdir.

 

Poeziyamızın əsl mənada xanım-xatını, pərisi şairə Məhsəti Gəncəvi isə yazmışdır:

Bu dünya bir qızıl kürəyə bənzər,

Suyu gah şirindir, gah da ki zəhər.