Fərhad Tapdıqoğlu - Yığışıb gedirik Şuşaya

YAZARLAR 10:10 / 12.12.2025 Baxış sayı: 803

 

( hekayə)

---Çemodana xeyli kitab yığ-dım.Bir neçə köynək -şalvar da götürdüm.Əmimoğlu ilə Bakıya yola düşdük.Sənədlərimi Pedaqoji İnsitituta verdik.

...İmtahanlardan yüksək qiymətlər aldım,tələb olunan balı yığ-dım,tələbə adını qazandım.

İnsititun yataqxanasında dörd nəfər bir otaqda qalırdıq .Seminarlara da,zaçot ,imtahanlara da bir yerə yığ-ışıb,hazırlaşırdıq.

Hər ayın əvvəlində pul yığ-ır,bazalığımızı edir,növbə ilə xörək bişirirdik.Otağımızı da növbə ilə yığ-ışdırırdıq.

Tələbəlik illərimizdə bizi rayonlara pambıq yığ-mağa da aparırdılar.

...İllər keçdi.Ali məktəbi butirdik.Azad təyinat aldım.Mən də kəndimizə qayıdıb ,orta məktəbdə riyaziyyat müəllimi kimi işləməyə başladım.

Hələ son kursda oxuyanda atam vəfat etmişdi.

Anam üçün çətin idi.Mən müəllim işləməklə bərabər, hamı kimi mal-qoyun da saxlayır,bağ-bostan da becərirdim.

O qədər toza-torpağa da,zığa-lıqqaya da batmışam ki.Kənd həyatı idi də...

Pul yığ-dım.Öz toyumun xərcini özüm çəkdim.Ailə qurduğum qız ,qohumlarımızdan idi.

Yaxşı demişlər ki,"hər güclü kişinin arxasında bir ağıllı qadın durur".İki qız,iki oğlan böyütdük...

Mal -qaranı nobata qoşandan sonra işə,yəni məktəbə gedirdim.Təbii ki,həyat yoldaşım ev işlərini görür: yorğan -döşəkləri (;mitili) yük yerinə yığ-ır...axşamlar hinə yığ-dığı toyuq-cücələri hindən çıxarır,dən verir,kəhrizdən su daşıyır,çıır-çırpı yığ-ıb ocaq qalayır,xörək hazırlayır,paltar yuyurdu...

Təbii ki,bütün kənd qadınlarının gördükləri adi işləri görürdü...

Əmənkömənci yığ-ıb bişirdiyi buğlamanı çox xoşlardım.Yoldaşımın yığ-dığı ayrı-ayrı pencərlərdən: cincilimdən ,quşəppəyindən bişirdiyi kətəni nehrə yağı və qatıqla yemək ləzzət eləyirdi.

Mən mərəçöyüd( qulançar ) da yığ-ırdım,yağda qızardıb, yeyərdik.Xəzəz yığ -mağa gedirdim,yığ-ıb gətirirdim.

Ehh...

Kolların dibindən yığ-dığım bənövşələri həyat yoldaşıma bağışlayanda sevinci yerə-göyə sığmazdı.

Maddı korluq çəkdiyimiz illərdə böyürtkən də yığ-ıb satmışıq.

Həyətimizdəki ağacların meyvələrindən ,bostanın tərəvəzlərindən yığ-ır ,yediklərimizi yeyir,yemədiklərimizi rayon mərkəzinə, bazara aparırdıq ...

Kənd texnikalarını da mükəmməl öyrənmişdim,necə deyərlər özüm "söküb-yığ-ırdım".

Kəndimizdə üzümçülük sürətlə inkişaf edirdi.Üzüm yığ-ımında da iştirak edirdik.

Məktəbdə uşaqları yığ-ıb,dərsdən əlavə də məşğul olurdum.Demək olar ki,dərs dediyim bütün uşaqlar ali məktəblərə qəbul imtahanlarında riyaziyyatdan yüksək qiymət alırdılar.

Kənddə futbol yığ-ma komandamız da vardı...

...Evimiz iki mərtəbəli,geniş eyvanlı idi.Kəndimizdə hər qapıya içməli su gəlirdi,mavi yanacaq işlədirdik.Hər kəsin öz hamamı vardı...

Kiminin yük maşını,kiminin minik maşını...

...Kəndimiz işğal olunandan sonra, burada tələbə yoldaşım Teymur gildə məskunlaşdıq.Daha doğrusu Teymur bizi axtarıb tapmışdı.

Yığ-cam otaqlarının birində xeyli yaşadıq.

Yenidən ev-eşik qurmaq elə də asan olmadı.Demək olar ki,kənddən əynimizdə olan paltarla çıxmışdıq.

Buranın camaatının ,xüsusilə Teymurun bizə göstərdiyi maddı,mənəvi dəstəyi ,köməyi unutmaq nankorluq olardı...

Məskunlaşdığımız bu kənddə dəmir-dümür də yığ-ıb ,satıb çörəkpulu çıxarmışam.

Müəllim kimi işləməyə davam etsəm də,kənd təsərrüfatında da çalışırdım.Sonralar öz təsərrüfatımı da yaratdım.

Min bir əziyyətlə pul yığ-ıb ,ev -eşik qurduq burda.

Uşaqlarımın dördü də yüksək bal yığ-ıb,ali məktəblərə qəbul olub,təhsillərini başa vurublar.

Hamısı ailəlidirlər...

Tural kişi danışığına ara verdi.Çox kövrəlmişdi.Elə mən də...

Mən həmin rayona qonaq getmişdim.Tural kişi ilə məni Teymur tanış elədi.

...Tural kişinin həyat yoldaşı Firuzə mətbəxdə gəlinləri ilə yemək hazırlayırdılar.

Tural:

---Ay Firuzə,yeməyə bir şey gətir də,xörəyin iyi bizi birtəhər elədi,umsuq olduq ki...--zarafat elədi.

Gözəl süfrə açıldı.Firuzə və gəlinləri naz-nemətlərdən süfrəyə yığ-dılar ...

Yedik,içdik...

Sonra Tural,Teymur və mən meyvə ağaclarına baxmaq üçün həyətə düşdük.Baxmayaraq ki,masanın üstündə bütün mövsümü meyvələrdən vardı,onunla belə adamın özünün budaqdan meyvələrdən yığ-ıb ,yeməyinin başqa ləzzəti vardı.Biz də o ləzzətdən özümüzü məhrum etmədik...

Bağda ağacların altında qoyulmuş oturacaqda əyləşdik. Mən Tural kişidən doğma kəndlərinin camaatından bir az danışmağı xahiş etdim.

Tural davam elədi:

--- Biz kəndin camaatı gözəl camaat idi.Elə bu kəndin camaatı da elədir.

Nə deyim Vallah ,xeyirdən,şərdə bir idik.

Baxmayaraq ki,neçə-neçə rayonlara səpələnmişik,amma əlaqələrimiz var.Kəndimizdən alimimiz də var,həkimimiz də,müəllimimiz də,qulluqçularımız da,bizneslə məşğul olanlarımız da...Bir sözlə müxtəlif sahələrdə çalışır kəndimizin övladları...

Deyəcəksiniz kənddə hamı zəhmətsevər idi,qoçaq idi,heç tənbəlləri

yox idi?!

O illərdə kəndimizdə tənbəllər,lodurlar da vardı.

Adlarını çəkmək yaxşı alınmaz.

Bir kişi vardı.Ayıq vaxtı olmazdı.Amma arvadı zirək idi.Sovxozda da işləyirdi.

Bu kişi arvadını boğaza yığ-mışdı.Görmüşük ki,arvad "dığ-dığ" olar.Ancaq bu kişi deyingən idi.Əlinə düşən pulu işkiyə verirdi,əyyaş idi.İsbattı-başdı əyin-başı da olmazdı.Ona -buna şər-şəbədə qoşardı.

Ona deyirdim ki , "sən sevin ki,sənin qismətinə belə arvad düşüb.Zirək,işgüzar.Şaddığına şittik eləmə."

Həmin adamın mənim yanımda " şəltəsi işləmirdi".İncəvara mənə qulaq asırdı.

Başqa bir kişi vardı.Hər dəfə evində "qırğın " salanda arvadına deyərdi: " dur ,şələ-şüləni yığışdır ,get atanın ,xarabasına "

Arvadı çox dəyanətli ,dözümlü qadın idi.

Xəbər tuturam o kişilərdən də.Hər ikisi işkinin daşını atıblar. Şəhərdə yaşayırlar..Nəvə-nəticələri də var...Qocalıb,əldən düşüblər daha...

Mən Tural kişiyə :

--Özünüzdən yenə danış.Maraqlı danışırsan -dedim.

Tural kişi ani fikrə dalaraq dedi:

--- Şairin bir yaxşı sözü var ee:

" Çox şey lazım deyil ,Vallah insana,

Məhəbbətlə dolu göz olsa ,bəsdir.

Yığ-a öz başına oğul -uşağın ,

Ocaq qalamağa köz olsa bəsdir"

Firuzə deyir ki," maşallah ,uşaqların da sənə oxşuyublar. Sən tökdüklərini yığ-ışdırıblar."

Yəqin ki ,düz deyir.

Şükürlər olsun Allaha!

Həə,tərifləmək olmasın,Firuzə xanım məndən də artıq əziyyət çəkib.Həyatda nail olduqlarımız birgə zəhmətimizin nəticəsində olub.

Deyiblər ki:

"Kişini evdə uşaqları yox,qadının kamilliyi saxlar"

"Qadında olan dəyanət ,dözüm kişidə namus tərbiyə edər"

"Kişini vəzir edən də qadındır,rəzil edən də"

"Kişi axar çaydır,qadın isə bənd"...

Məncə bu qədər kifayətdir...

Aşıq Alı necə deyib?:

" Yığ-dın bu dünyanın varın-dövlətin,

Əllini aşırdın ,yüzə nə qaldı?"

Vallah heç nə yığ-mamişam.

Mənim varım-dövlətim ,sərvətim sağlam canım,gözəl ailəm,balalarım,nəvələrimdir.İstəsəydim məktəb direktoru da keçərdim.Nə İllah elədilər,razı olmadım.

"Müəllim baba" oldum,elə də təqaüdə çıxdım.

Bax,beləcə yaşayırıq.

Oğlanlarımız da fermer təsərrüfatı ilə məşğuldurlar.İstixanaları var,bol məhsul yığ-ırlar.

Mən onlara öz tövsiyyələrimi verirəm.Texnikanı yaxşı bilməyim də yeri düşəndə kara gəlir.Hər şey gözəldir ,qardaş.

İndinin özündə də ,Firuzə uşaqları,nəvələri bir süfrə arxasına yığ-ır,mən gəlib oturmamış ,heç kim süfrəyə əl uzatmır.Mən gələndə hamı ayağa qalxır,özlərini yığ-ışdırırlar...

Bir vədimə əməl edə bilmədim.Şağirdlərimi Şuşaya apara bilmədim...

Tural kişinin gözləri doldu.

Bayırda güclü yağış yağmağa başladı.

Tural kişi dərindən nəfəs alıb ,dedi:

-- Mən şair deyiləm.Hərçənd ki,indi söz yığ-ımlarını bizə şeir kimi sırımaq istəyənlər çoxdur,lap çoxdur.

Amma bir bayatı gəldi içimdən:

Qop ey tufan,yağ yağış,

Qoy qarışsın su suya.

Təki desinlər : yığ-ış,

Tez ol gedək Şuşaya.

...Tural kişinin söhbətləri məni bərk tutmuşdu,gözlərim nəmləndi...

Sağollaşıb ayrıldım Tural kişidən ,Teymurdan...

...Tural kişinin mobil nömrəsinə zəng vurdum.

Dedi:

---Artıq neçənci dəfədir ki, balalarla ,nəvələrlə yığ- ışıb Şuşaya gedirik.Şagirdlərimi apara bilməsəm də,özləri artıq dəfələrlə Şuşada olublar.

Qaldı ki,gözləyirik görək nə vaxt çağırıb deyəcəklər ki," yığ-ışın ,gedin doğma kəndinizə"

Gözləyirik ...

Elə qardaş ,səni də hələlik burda gözləyirik.Xanımınızla yığ-n balaları ,nəvələri gəlin bizə...