Əlizadə Nuri : - Yorğunluq

Ədəbiyyat 08:20 / 21.12.2024 Baxış sayı: 890

 

 

Allah göydə deyilsə,

O göy kimin göyüdü?

Harda yetim dərd qalıb

Verin mənə böyüdüm...

 

Gülə güllə atdılar,

Dik tutmuşdu başını.

 

Bu yağışdı, yoxsa ki

Göy üzündə vurulmuş

Quşların göz yaşıdı?!

Dünyadı da, sevdiyim,

 

Rəngli işıqlar kimi.

Yanırıq- sönürük biz.

Bir dəfə doğuluruq

Min dəfə ölürük biz.

 

Hər yanımı qan tutub-

Mən də belə adayam.

Get, o bayquşdan soruş,

Hansı xarabadayam?

 

Yuxumda yatan çiçək,

Öpüb, oyatdım səni.

...Ölüm, məni bağışla

Bir az yubatdım səni.

 

Qəmlə oynayıram mən,

Bəs hanı tay-tuşlarım?

Bu gün süfrə açmışam:-

Çağırın ac quşları...

 

...Ölü balıqlar düşür,

Atdığım hər qırmağa.

Çox soyuqdu... gedirəm

Allaha sarılmağa...