SÖZÜN “YALMANINA” YATDIQ YENƏ DƏ ...
Dünən (15.09.2024) son iyirmi beş ildən bəri hər ayın 15-də olduğu kimi AYB Mingəçevir bölməsinin yaradıcılıq günündə yenə də yazar dostlarımızla birlikdə idik. Bölmənin rəhbəri İsmayıl İmanzadə yazalarımızı salamlayıb, pedaqoji sahədə çalışan yazar həmkarlarımızı yeni dərs ilinin başlanması münasibətiylə təbrik edəndə sonra yaxın iki-üç həftə ərzində gənc xanım şairə Nərmin Eldənizqızının ilk şeirlər kitabının keçirilməsi nəzərdə tutulan təqdimat mərasimi və tanınmış şairə, bölmənin yetirməsi Nəcibə İlkinlə keçiriləcək görüşlə ilgili təklif və tapşırıqlarını açıqları. AYB Mingəçevir bölməsinin 25 illik yubileyiylə bağlı görülən işlərdən söz açdı.
Bundan sonra isə adətən saatın əqrəbi istiqamətində əyləşən qələm sahiblərini növbəylə yazılarını oxumağa dəvət etdi. Ağabala Salahlı, Bəhman Gülövşəli, Mahir Musa, Ziyəddin Binəva, Namiq Zaman, Nicat Hunalp, Şamil Həsən, Elçin Məhərrəmli, Əhməd Əfsun, Eldəniz Cəfəroğlu... son günlər ərzində qələmə aldıqları yazılarını söz məclisinin iştirakçılarına öz qiraətlərində təqdim etdilər.
MDU-nun dosenti, şair-tədqiqatçı Mehman Rəsulov, yazarların zarafatla “bölmə rəhbərinin müşaviri” adlandırdıqları ədəbiyyat sevdalısı Rəşid Rəsulov, tədbirə qonaq qismində qatılan tanınmış şəhər ziyalısı Qalib Ağayev və ədəbiyyat həvəskarı Bəxtiyar Qarabağlı öz çıxışlarında bölmənin önəmli fəaliyyətini qeyd etməklə, könül xoşluğuyla keçən anlardan məmnun olduqlarını dilə gətirdilər. Gənc şair Elvin Rəfaeloğlu ilin əvvəllərində haqq dünyasına qovuşmuş atası şair Rəfael Dəmiroğlunun bir neçə şeirini oxuyaraq məclis üzvlərini kövrəltdi. Ayrı-ayrı yazarlara,-illah da gənclərə həm həmkarları, həm də bölmə rəhbəri tərəfindən verilən tövsiyyələr də anlaşıqlı tərzdə qəbul olundu.
Sonda bölmə rəhbəri İsmayıl İmanzadənin oxuduğu iki şeiri də razılıq hissiylə qarşılandı. O, AYB Mingəçevir bölməsinin yeni simvolunu hazırlayan gənc yazarlara,-Elçin Məhərrəm, Nicat Hunalp və Şamil Həsənə minnətdarlığını bildirib, həmkarlarına uğurlar arzuladı. Tədbirin ayrı-ayrı məqamlarında, sonda isə mənzərəli bir məkanda foto-aparatın yaddaşına həkk olunan şəkillərsə unudulmaz söz məclisinin sevinc-fərəh dolu anlarına şahidlik etdi...
ELÇİN MƏHƏRRƏM
AYBnin üzvü, yazıçı-dramaturq