«Quşların yelləncəyi»- dən yazdı Əbülfət Mədətoğlu

YAZARLAR 11:00 / 20.09.2024 Baxış sayı: 126

 

 

Şair Ələsgər Əlioğlu əyalətdə yaşayır, yəni Goranboy rayonunda. Amma onun imzası çoxdan Azərbaycanın sərhədlərini keçib. O, özünün şeir və poemaları ilə daha çox uşaqların, məktəblilərin könlünü oxşayır. Heç də təsadüfi deyil ki,   Ələsgər Əlioğlu Azərbaycanda müasir uşaq ədəbiyyatının ən sayılan nümayəndələrindən biri hesab olunur.

Yaxından tanıdığım Ələsgər Əlioğlunun uşaqlar üçün çap etdirdiyi kitablarından biri «Quşların yelləncəyi» adlanır. Kitabın redaktoru, tanınmış şair, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğludur.

Kitabda toplanan bütün şeirlər və eləcə də üç poema uşaqlara sözün həqiqi mənasında hədiyyədir. Bu şeirləri oxuduqca uşaqların həm düşünmək, həm tanımaq, həm hiss etmək qabiliyyətləri bir az da genişlənir, möhkəmlənir. Məsələn, şairin «Cıdır düzündə…» şeirində olduğu kimi:

 

Gedib çıxmaq istəsən,

Dostum, Cıdır düzünə:

Sən bir Qarabağ atı,

Tapmalısan özünə.

İşləri korlayarsan

Başqa at tapsan əgər.

Onda Cıdır düzündən,

Çatmaz sənə bir nəmər…

 

Bu şeirdəki təsvir və təqdimat özü özündə şeiri oxuyan qəlbində bir Qarabağ təəssüratı, Qarabağı görmək istəyi yaradır. Deməli, bu da Vətən sevgisini, yurd tanıtımının yaxşı bir nümunəsidir. Və yaxud «Çörək muzeyi» şeirindəki məqamdakı kimi:

 

Şəhərimiz Ağdamda

Çörək muzeyi vardı.

Uşaqlar da həvəslə,

Gəlib ona baxardı…

Çörəyimizi yeyib,

Suyumuzu içənlər,

Dağım-dağım dağıtdı.

Bu muzeyi bir səhər.

Deməyin ki, döyüşdə,

Yağılar bizi uddu.

Axır onları çörək,

Həm «itqovan» tutdu…

 

Yəqin ki, dünyanın böyük şəhərlərindən, inkişaf etmiş ölkələrindən fərqli olaraq Azərbaycanın Ağdam bölgəsində Çörək muzeyinin olması barədə gənc oxucuya belə bir üslubda bilgi vermək, onu maarifləndirmək istəyinin nə qədər məsuliyyətli olduğunu hər birimiz hiss edirik. Buna öz içində inanan və yaradıcılıq peşəkarlığı ilə həmin istəyi gerçəkləşdirən Ələsgər Əlioğlu oxucusuna muzey barəsində çox sadə bir dillə, anlaşan bir şəkildə bilgi çatdırır. Oxucu Çörək muzeyi barəsində həm də onun harada yerləşdiyi haqqında öyrəndiklərini yəqin ki, məmnunluqla yaddaşına yazmaq imkanı yaradır.

Barəsində qısa bilgi vermək istədiyim bu kitabda Ələsgər Əlioğlu uşaqlar üçün bir növü təbiətin coğrafiyasını yaradır. O, İsa bulağından, Xarı bülbüldən, Şuşa qalasından, Laçın meşələrindən, dağ çaylarından bəhs edir, işığın dili olduğunu küləyin, quşların, dəcəl uşaqların, hətta it və pişiyin mənzərələrini yaradır, onlarla oxucunu qarşılaşdırır. Elə poemaların özündə də müəllif tülkünün teatra getməsini elə təsvir edir ki, balaca oxucu həmin misraları oxuduqca sanki həmin teatrın tamaşaçısına çevrilir.

Ümumiyyətlə, Ələsgər Əlioğlu təkcə sözlə işləməyin ustası deyil, o, həm də uşaqların dilini yaxşı bilir. Ona görə ki, onun şeirləri maraqla qarşılanır və sevilir.