Elman Eldaroğlu - İNSANLIĞIN AKADEMİKİ...

YAZARLAR 17:23 / 20.09.2024 Baxış sayı: 1019

 

Nizami Cəfərov- 65

Güclü analitik düşüncə tərzi var. Problemləri tez bir zamanda müəyyənləşdirə və bu problemləri həll etmək üçün səmərəli yollar tapa bilir. Səmimi və etibarlı dostdur. Başqalarına kömək etməkdən xoşlanır və bu səbəbdən də onu etibarlı məsləhətçi, doğru yol göstərən kimi tanıyırlar. Özünütəkmilləşdirmə və öyrənmək qabiliyyəti yüksək səviyyədədir. Yeni biliklər əldə etmək və öz bacarıqlarını inkişaf etdirmək üçün daim çalışmaqdadır. Sağlam həyat tərzinə və fiziki rifaha böyük önəm verir.

Dekanlığı cavan vaxtına düşüb. Rəbərlik etdiyi kollektivdə hamı ondan yaşca böyük olsa da, əksəriyyəti nə vaxtsa ona dərs dediyindən, müəllimlərə hörmətlə yanaşıb, necə deyərlər, arada pərdə saxlayıb. Ona görə də daha çox tələbələrlə təmasda olub. Tələbələrinin dediklərinə görə isə, dekan işlədiyi zamanlarda sadəliyi ilə hamıya örnək göstərilib. Həm də söyləyirlər ki, deputat olandan sonra çox dəyişib...

Deyir ki,- “Əslində xarakter dəyişmir, imkanlar dəyişir. Nə bilim, bəlkə də dəyişmişəm. Mən çalışıram ki, dəyişməyim. Çox vaxt da dəyişmədiyimi deyirlər, bu da mənim xoşuma gəlmir. Bütün ömrün boyu dəyişməmək də bir şey deyil. Ola bilsin ki, deputatlıq yaşlı vaxtıma düşdüyü üçün, insanlarla cavanlığımdakı kimi çox ünsiyyətdə olmuram...”

Haqqında söhbət açdığım Nizami Cəfərov 1959-cu ildə Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Azərbaycanda Atatürk Mərkəzinin direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvüdür. 2019-cu ildən BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, 2022-ci ildən isə "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Bir sıra orden və medallara layiq görülüb...

Bəzən çox tələbkar və tənqidçi kimi görünür. Bu onun mükəmməllik axtarışı, bəzən özünə və başqalarına qarşı həddindən artıq tələbkar olmasından irəli gəlir. Qüsurları tez görmək xüsusiyyəti var...

Deyir ki,- “Dilin qaydalarının hər cür pozulmalarına qarşı mübarizə aparmaq vacibdir. Biz o zaman "Dövlət dili haqqında" qanunu müzakirə edəndə dil polisinin yaradılması haqqında məsələ qaldırılmışdı. Düzdür, ona getmədik, ancaq bununla yanaşı, cərimələr tətbiq olunmalıdır. Bakı şəhərinin reklam örtüyündə və ya küçə adında hansısa hərf səhv yazılıbsa, buna görə həmin rayonun icra hakimiyyəti cavabdehdir. İcra hakimiyyətində bu məsələlərə baxan qorum var. Onlar onu yazan şirkətə dərhal xəbərdarlıq etməlidirlər. Əgər xəbərdarlıqdan sonra da səhvlər düzəlməsə, o zaman cərimə tətbiq olunmalıdır. Burada söhbət hansısa qurumun cərimələnməsindən getmir, əsas odur ki, dilimizin qaydaları pozulmasın...”

Görəcəyi işləri planlaşdırmağa və idarə etməyə çalışır, bu da onda narahatlıq hissi yaradır. Hər şeyi ölçüb biçməmiş addım atmır, risklərdən çəkinir...

“Dil elə şeydir ki, onu gərək orta məktəbdən öyrənəsən. Mən inana bilmirəm ki, sonradan jurnalistləri yığıb onlarla orfoqrafiya qaydalarını öyrətmək olar. Bu ona bənzəyir ki, danışıq tərzi oturuşmuş adama təzədən danışmağı öyrədirsən.”- söyləyir...

Dediyinə görə, daha çox müasir ədəbiyyatın klassikasını oxuyur: Nəriman Həsənzadə, Anar, Elçin, Fikrət Qoca, Afaq Məsud, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Çingiz Əlioğlu, Mövlud Süleymanlı, Yunus Oğuz onun mütaliə etdiyi müəlliflər sırasındadır.

Deyir ki,- “Yunus Oğuz mənim dostumdur, ona görə hər cümləsini oxuyuram və yazdıqlarını çox bəyənirəm, deyim niyə? Yunus Oğuz modernist deyil, amma tariximizin bütün mərhələlərini dövrün xarakteri ilə, həm də yüksək etnoqrafik-siyasi mükəmməlliyi ilə verir. Onun əsərlərində fundamentalizm var. Öz vətənini, xalqını sevən hər bir azərbaycanlı o fundamentalizmdən keçməlidir.”

Qəribə adamdır, hər şeyin rəvan getməsi üçün onun xüsusi üsulları var. Yatacağı yer mükəmməl olmadıqda yatmamağa üstünlük verir. Ondan stəkanının yarısı dolu, yoxsa yarısı boş olduğunu soruşmağa ehtiyac yoxdur, çünki onun üçün stəkan həmişə çirklidir. İlk görüşdə soyuq adam təəssüratı yarada bilər, isinmək üçün bir az vaxt lazımdır...

Bəli, Nizami Cəfərov təkcə elmdə AKADEMİK deyil, həm də insanlığın AKADEMİKlərindən biridir. Sentyabrın 21-də 65 yaşı tamam olur. Onu ad günü münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram.

Çox yaşasın!

 

Bir 1 nəfər və mətn şəkili ola bilər

 

Şərh bildir

Paylaş