Arzu Əsəd : - Quş sürüsü, mərmi, güllə izləri...

Ədəbiyyat 14:24 / 26.12.2024 Baxış sayı: 461

İnsanlarım, hər şey gözəl olacaq,

Düz dedi o nakam gözəl, olacaq!

Dağılacaq göy üzündən dumanlar,

Silinəcək yer üzündən tiranlar.

Bu uçuşda hələ nələr gözlənir,

Quş sürüsü, mərmi, güllə izləri...

 

Nə atışlar, nə dəyişlər olacaq,

Türbülanslar, titrəyişlər olacaq.

Möhkəm durun, kəmərləri bağlayın,

Nə ağlayın, nə də matəm saxlayın!

 

Sevdanızın keşiyində dayanın,

Biz zülmətin,zülmün, qanın, riyanın,

Xəyanətin axışından keçirik,

Raketlərin yağışından keçirik.

Bu uçuşda kiminə şans güləcək,

Bəlkə elə tən yarımız öləcək.

 

Amma yenə son anda, son nəfəsdə

O inam ki, titrəyirdi o səsdə,

Bu millətin bir naxışı olacaq,

Darılmayın, "hər şey yaxşı olacaq!"

Dağılacaq göy üzündən dumanlar,

Silinəcək yer üzündən tiranlar!

 

Bəlkə də tez, bəlkə də gec olacaq,

Amma hökmən, amma da güc olacaq!

Bəlkə bir il, bəlkə yüz il.., olacaq!

İnsanlarım, hər şey gözəl olacaq!