GƏLSİN-- Vasif Süleyman

Ədəbiyyat 20:05 / 24.12.2024 Baxış sayı: 703

 

Eşqin ayrılıqdan keçən yolu var,

Keçimmi… ayrılıq havası gəlsin.

Bu eşqə göylərdən fərman verilib,

Tanrım, aç sirrini, mənası gəlsin.

 

Bu ömrün sonudu - bu eşqin sonu,

Əllərim alovun içində donur.

Yerlərmi, göylərmi yaratmış onu,

İnsan yaradıbsa... anası gəlsin.

 

Gecə gördüyümü danışdım suya,

Gözümə gəlməkdən usandı röya.

Yandıra-yandıra gəlib dünyaya,

Varmı məndən gözəl yanası... gəlsin.