Şakir Xanhüseyn : - ŞEİRLƏR

Ədəbiyyat 10:15 / 25.12.2024 Baxış sayı: 626

***

daha papağını yan qoy şeirdə,

ayağını uzat çıxsın yorğandan...

kimsə gözün üstə qaşın var deməz,

telini yan dara, arxayın dolan...

sözünə əl çalan, qurban gedənlər,

kimin tərəfində durmağın əsas...

harda olursan ol, daha qəm yemə,

kimin tərəfində olmağın əsas...

bir sətrin paslanmaz, kölgədə qalmaz,

daha cındırın da dönür "modernə"...

gözün dörd təkərdə qalıbdı, amma

sən göylə gedirsən, maşın nə, yer nə?!

daha papağını yan qoy şeirdə...

***

hərənin dünyada bir sevəni var,

həyatda olanın, olmayanın da...

hər kəs yaşayır ki, öz sevəniylə?

taleyin qırmancı elə çırpılır,

bir ağrı dolaşır ilikdə, qanda...

niyə uzaqdadı sevənlərimiz,

bəzən gözlərinə göz dikə-dikə

onları görürük bizdən aralı...

gör, hamı üşüyür od içində də,

sanki kəsibdilər buzla aranı...

kimdi sevənini arayan, tapan,

eh, bir-birimizdən uzaqlaşırıq

elə bil hardasa bir üfürməklə...

hərənin əlində bir pay gizlidi,

kimsə əl uzatmır amma ürəklə...

***

gözlərim ovcuma dikilib,

ovcuma baxa-baxa qalmışam;

Sanki ovcumda açılır səhər,

düşür axşam...

elə hamının fikri ovcunda,

zikri ovcunda,

ovcundadı dünyası, həyatı da,

ovcunda dəyişir dünyasını, həyatını da...

hə də, bir ovuca sığmışıq daha;

suyumuz, çörəyimiz ovcumuzda,

sanasan ki, döyünür

ürəyimiz ovcumuzda...

 

81Elnur Uğur Abdiyev, Ismayil Imanzade və başqa 79 nəfər