Xatirə körpüsü - yazdı Əbülfət Mədətoğlu

YAZARLAR 09:55 / 26.12.2024 Baxış sayı: 521

Aydın Çobanoğlunu  düşünərkən...

 

 Onu təkcə ədəbiyyatşünaslar, dostlar, tələbələr deyil, həm də sözə, saza dəyər verənlər də tanıyır. Çünki o, zatən söz üçün, saz üçün doğulmuşdu. Adama elə gəlirdi ki, saz onun sinəsində ikinci bir ürəkdi, ikinci bir nəfəsdi. Çünki elə şövqlə sazı sinəsinə sıxıb meydanı ayağa qaldırırdı ki, bu mənzərədən, bu məclisdən doymaq olmurdu.

Mən onu hələ tələbəlik illərinin ilk günlərindən tanımağa başlamışdım. Özü də adi bir təsadüfdən, belə ki, oturub bibim oğlu ilə (Qarabağda mamam oğlu deyilir – Ə.M) söhbət edirdik. «Söz arası dedi ki, Aydıngilə gedəcəm. Darıxmışam ondan ötəri. Gedim, sazı kökləsin, bir az əhvalım düzəlsin». Doğrusu, təəccüblə baxdım üzünə. Elə bil nəsə soruşacağımı hiss etdi və gülümsəyərək dedi:

- Aydını tanımırsan? Aydın Çobanoğlunu deyirəm. Yaxın qohumumdu. Əmim qızının həyat yoldaşıdı.

Bax, mən onda adını eşitdiyim, ifasından xəbərdar olduğum Aydın Çobanoğlunun bizimlə qohum olduğunu da öyrəndim və durub qoşuldum bibioğluna. Birlikdə getdik Aydın Çobanoğlunun evinə…

O zamandan bugünə qədər harda bir saz səsi eşitsəm, harda bir şövqlü aşıq ifası diqqətimi çəksə, dərhal düşür yadıma. Sözü ilə, söhbəti ilə xatırlayıram onu. Hətta oxuculara xatırladım ki, o, 80-ci illərdə Azərbaycan televiziyasında özünün maraqlı çıxışları ilə də diqqəti çəkirdi. Həmin çıxışlarda onu  qızları sazla müşayiət edirdi. Məktəbyaşlı bu qızlar ataları ilə birlikdə saz havalarını ifa edirdilər. Sanki bir qrup yaratmışdılar – ailə qrupu…

Ötən bazar günü televiziya kanallarının birində Aşıq Ədalətlə bağlı bir fraqment diqqətimi çəkdi. O fraqmentdə Bəhmən Vətənoğlu Aşıq Ədalətlə üzbəüz oturub üzü Kəlbəcərə kövrək saz havası üstündə şeir söyləyirdi. Həmin an Aydın Çobanoğlu da düşdü yadıma. Veriliş bitən kimi gəlib dayandım kitab rəfimin önündə. Götürdüm onun məndə olan və 2010-cu ildə işıq üzü görmüş «Ömrün etməyəcək vəfa dedilər» adlı kitabını. Kitab «Elm və Təhsil»  Nəşriyyatında görkəmli alimimiz, böyük ziyalımız, yorulmaz tədqiqatçımız, bütövlükdə ədəbiyyatımızın, sözümüzün, türkçülüyümüzün fədaisi olan filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin təsisçiliyi və ön sözü ilə işıq üzü görüb. Kitabdakı materialları Aydın Çobanoğlunun övladları – Aytən və Səyyad toplayıb. Ön sözündə hörmətli Qəzənfər müəllim vurğulayır ki, «Aşıq Aydın Çobanoğlunun yaradıcılığını tam əhatə edən bu maraqlı kitabın əlyazmasını vərəqlədikcə gənclik illərindən dostluq etdiyim Aydını sanki yenidən kəşf etdim. Digər tərəfdən də dostum haqqında çoxdan bəri söz demək arzum gerçəkləşdi». Zənnimcə ön sözün ilk cümləsi olan bu fikir artıq kitabın mahiyyətini və həm də Aydın Çobanoğlunun kimliyini oxucuya birbaşa təqdim edir. Mən də  446 səhifəlik və bir neçə fəsildən ibarət kitabı vərəqlədikcə çox hörmətli Qəzənfər müəllimin vurğuladığı hissləri yaşadım. Hələ 1980-ci ildən bu kitabı oxuduğum ana qədər bir yol gəldim. Bu zaman kəsiyində Aydın Çobanoğlunu necə görmüşdümsə, necə görürdümsə, indi də elə gördüm. Yaddaşımda səsi də tər qalmışdı, misraları da, ifa etdiyi havalar da. Bu, artıq təkrar vurğuladığım Aydın Çobanoğlu istedadının birmənalı barı və bəhəri idi. Özü də bitməyən, tükənməyən, solmayan barı, bəhəri.

Aydın Çobanoğlu kitabdakı gəraylısının birində yazır:

 

Gördükcə solğun çöhrəni,

Hər an xəyal üzür məni.

Nədir vadar edən səni,

Ömrü verirsən yelə sən?!

Könül, nə üçün beləsən?!

Nə tapmısan ağlamaqdan,

Qəm çələngi bağlamaqdan,

Nadan dərdi saxlamaqdan

Yanıb dönmüsən külə sən,

Könül, nə üçün beləsən?!

 

Bilirsənmi, gözəl mələk,

Çox yaraşır sənə gülmək?!

Bəsdir, yetər dərd-qəm çəkmək!

İntizardasan hələ sən?!

Könül, nə üçün beləsən?!

 

Aydın Çobanoğlunun əslində öz könlünə, ürəyinə yox, ona biganə olan, onu görməyən, onu dəyərləndirməyən, onu duymayan hər kəsə verdiyi sualdı bu və həm də haqlıdı. Nədən biz beləyik, nədən bir-birimizin qarşısına kötük yumalayır, bir-birimizə badalaq gəlir, bir-birimizə laqeydlik göstərir, bir-birimizin haqqına giririk. Axı bu ömür «Ol»la «ölüm» arasındakı məsafədi. Nədən bu məsafəni bir-birimizə dəstəklə, verdiyimiz dəyərlə, uzatdığımız əllə, yaratdığımız şəraitlə yaşayıb yaşatmayaq. Nədən ancaq qan qaralıq, ancaq əsəb, ancaq giley-güzar sərgiləməliyik. Onun içərisində olmalıyıq. Bir millət, bir soy olaraq, onsuz da kifayət qədər gözü götürməyənlərimiz, haqqımızı yeyənlər var. Onlarla qarşılaşmaq, onları yerində oturtmaq əvəzinə özümüz-özümüzlə dartışırıq. Və beləcə də ömrü yelə veririk. Günləri xəzəl kimi səpələyirik..

Bəli ilk baxışdan Aydın Çobanoğlunun şeir dili ilə bizə ünvanladığı bu sualların hər birini ayrı-ayrılıqda da cavabı var, bütöv halda da. O cavab da xalq olaraq, millət olaraq özümüzü dəyərləndirmək, özümüzə qayıdıb özümüz olmaqdan ibarətdir. Bax, onda bir kimsə haqqımıza girə bilməyəcək. Bir kimsə bizi aşağılamağa cəsarət etməyəcəkdi. Çünki birliyimiz, bir olmağımız onları öz yerində otuzduracaqdır. Mən bu fikirləri Aydın Çobanoğlunun 20 Yanvar şəhidlərinin adına ünvanladığı «Şəhidlər Xiyabanı» şeirində də oxudum və təkrar dərk elədim ki, Aydın Çobanoğlu xalqını, torpağını və onun şəhidlərini də elə bu  dünya boyda istəyib, bu  dünya boyda sevibdi. Həmin şeirin son iki bəndinə diqqət yetirək:

 

Mən dağam, dözürəm belə sitəmə,

Baxıb ah-naləmə, gözümdə nəmə,

Yağı sevinməsin bugünkü qəmə,

Yəqin borclu qalmaz sabahım mənim.

 

Çobanoğlu, dolan bu xiyabanı,

İndi düşmənini, dostunu tanı!

Batmaz şəhidlərin günahsız qanı,

Başımın üstədir Allahım mənim.

 

Bəli, biz Aydın Çobanoğlunun bu şeirində onun faciəmizə ürək ağrısını da duyuruq, bu ağrının qisasının yerdə qalmayacağını da görürük. Təbii ki, biz   onun şair-aşığın fəhminin, uzaqgörənliyinin də şahidi oluruq. Çünki biz 44 günlük müharibədə şəhidlərimizin qanını aldıq, bayrağımızı sərhədlərimizdə dalğalandırdıq. Bu şeirdə deyildiyi kimi, başımızın üstündəki və ürəyimizdəki Allahımız bizə yar oldu. Dostumuzu, düşmənimizi tanıyaraq Ali Baş Komandanın ətrafında birləşib böyük Zəfərimizi təmin etdik.

Bu gün xatirələrinə baş vurduğum Aydın Çobanoğlunun masamın üzərində olan kitabında bir-birindən maraqlı xatirələri, görüş təəssüratları da yer alıb. Həmin xatirə və təəssüratların hər biri də ayrı-ayrılıqda bizimlə Aydın Çobanoğlu arasında bir görüş, bir təmas körpüsüdü. Deməli, biz, yəni Aydın Çobanoğlu sevənlər, onu xatırlayanlar, onunla təması xatirə körpümüzdə qururuq. Həmişə var olacaq xatirə körpüsü ilə!..