BİR ÖMÜRDƏN FRAQMENT... - Əbülfət Mədətoğlu yazır

YAZARLAR 10:45 / 25.12.2024 Baxış sayı: 755

Onun barəsində danışmaq, yazmaq həm asanddır, həm də çətin. Bu fikri ona görə birbaşa bilgisayara diktə edirəm ki, yazını oxuyan hər kəs mövzuya öz baxış bucağı altından baxanda mənim məramımı dürüst anlasın. Bilsin ki, 86 yaşlı yazıçı, publisist, ictimai xadim, həm də Dövlət Təhlükəsizlik Xidmətinin yüksək rütbəli zabiti, eləcə də əməkdar incəsənət xadimi, alim, ziyalı olan bir şəxs barəsində fikir söyləmək nə qədər çətin və həm də asandır. Bu mövzunun çətinliyi ondadır ki, saydığım və saymadığım titullar özü-özlüyündə böyük məsuliyyət yaradır. Mövzuya adamı ehtiyatla, təmkinlə yanaşmağa vadar edir. Çünki sözün bu üzündən baxıb o biri  üzün də görən bir yüksək rütbəli DTX zabitinin haqqında yazılacaq hər bir sözə peşəkarcasına, həm də ürəklə nəfəs verməlisən ki, o, qəbul olunsun, dinlənilsin. Bax, bu mənada çətin və məsuliyyətli yazıya könül verirəm. O ki qaldı, yazının asan tərəfinə…

Bəli, mən onu çoxdan tanıyıram. Öncə yazıçı-publisist kimi tanımışam, imzası ilə, kitabları ilə təmasım olub. Sonra «Azərbaycan» Nəşriyyatında eyni mərtəbənin sakinləri kimi qarşılaşmışıq. Məhz bu qarşılaşmada bir bölgənin, bir yurd nisgilinin acısını yaşayan həmyerlilər kimi görüşmüşük. O Cəbrayıl nisgilini, mən isə Hadrut-Tuğ acısını sinəmdə közərtmişəm. Və beləcə üzbəüz söhbətlər, masa ətrafındakı fikir bölüşmələri və bir də ki, yenə qələm,söz, kitab. Bizi o qədər bir-birimizə yaxınlaşdırıb ki, hətta dərdlərimizi də bir-birimizlə paylaşmışıq və …

Onun barəsində əvvələr də yazı  yazmışam. Keçdiyi həyat yoluna - Cəbrayılın Kavdar kəndindən başlayan ömürlüyünə də bələdəm. Söhbətlərimizdə, sonra da kitablarında nələrdən keçdiyini, nələrlə qarşılaşdıqları barədə eşitdiyim və oxuduqlarım həmişə məndə belə bir təəssürat yaradıb ki, həqiqətən əqidəm, inadkarlıq, dözüm, səbir və bir də zəhmət insanı dardan çıxardır. İnsanı mənzil başına apara bilir. Uç gün öncə  onun doğum  günü  ilə  bağlı  arzularımı  yazıya  çevirmək  istəyim  əlimdən  tutub   onunla  bağlı  bilgilərimin qapısına  gətirdi... Xatırladım ki,  çox da  uzaq  olmayan  tarixdə  onunla  bağlı , yəni 85  yaşı ilə əlaqədar  maraqlı  bir  kitab oxumuşam. İndiki  anda  ürəyimdən keçənlərin, yəni  yazmaq istədiklərimin  çoxu  bu kitab da öz  əksini tapıb. Kitab Yasif Mirzə oğlu Nəsirlinin həyat və fəaliyyətinə həsr olunub.. Kitabın redaktoru, əməkdar elm xadimi, professor Qəzənfər Kazımov, müəllifi isə yazıçı-publisist Mirzə Talıb oğludur.

«Mən insanlar tanıyıram ki…» adlanan kitab da  göstərilir  ki, zaman gələcək ki, Cəbrayıl rayonunun  Kavdar kəndində 1938-ci il dekabr ayının 23-də doğulan Yasif öz nəslinin, öz el-obasının, Azərbaycanının dizi bərk, sözü qəti, nüfuzlu ziyalısı olacaqdır.Elə  buradaca  xüsusi  vurğulamalıyam ki, bu  kitabı da  sözün həqiqi mənasında, məni  heyrətləndirən,  hətta  özümün lap  ilk  tanışlığımızdan  bildiyim bir  çox  məqamlarlara  çox təəccüblə  baxıram. Ona görə ki, Yasif Nəsirlinin doğulduğu kənddən universitetə daxil olmağa gəldiyi günə qədər yaşadıqları, çəkdiyi əzab-əziyyət bütün ölkənin yaşadıqları olsa da, amma hamı Yasif Nəsirli ola bilməyib. Deməli, dözüm, iradə, əqidə onu istəyinə qovuşdurubdu.

Bu  dünyanın çərxinin necə  fırlandığını  qismən  bilən  bir  Allah  bəndəsi  kimi,mütləq  vurğulamaq  istədiyim  bir  məqam  var :- MƏSULİYYƏT!!!

Mən  ,Yasif  müəllimin  keçdiyi  həyat  yolunu  izlədikcə şahidi  olduğum   ən  böyük  və vacib  xüsusiyyət  kimi onun Məsuliyyət  hissinin gücünə  baş əydim! Birmənalı olaraq  başa  düşdüm ki, bu  İN SAN  şəxsi  həyatında  olduöu  kimi, çalışdığı sahələrdə də ona  olan  güvəni, etibarı  həmişə  birinci  cərgədə  tutub!!!  Bu  Məsuliyyət  hissi də  onun başını  hər  zaman  uca  edib.Və  heç kimin  qarşısında  əyilməyib!   

Mən də onun bu özəlliyi barəsində  düşünərkən ürəyimdən ona  doğum günü  hədiyyəsi  olan  kitabda yer almış  və  Yasif Nəsirliyə  məxsus  bir fikri öz-özümə pıçıldayıram:

- Adamlar var ki, etdikləri yaxşılıqları, xidmətləri heç vaxt dilə gətirmirlər. Hər şeyi Allahın ixtiyarına verirlər. Bax, Yasif Nəsirli də göstərdiyi xidmətləri, hətta  ən yüksək təmaslarda olan münasibətləridə heç vaxt, heç kimə söyləməyibdir. Amma zaman və şahidlər bu xidmətləri bu gün təkcə bu kitabda yox, elə bir-biriləri  ilə olan söhbətlərdə də təzələyir.