Ələsgər ƏLİOĞLU : - DAŞ DİLİ
(Ömür–gün yoldaşım İradə xanımın xatirəsinə)
Beş ildir ki, gəlib dolanıram
məzarının başına,
Hər dəfə də
özün deyil,-
Şəklin çıxır qarşıma...
Daşla dil tapıram,
Daşla danışıram.
Gah buz bağlayır fikirlərim,
donuram,
Gah da od tuturam,
Alışıram, yanıram...
...Ömür boyu
yaxşı öyrənə bilmədim mən,
Nə rus, nə də ingilis dilini...
Bu sevdadan götürdüm əl...
Amma beş ildə
Daş dilini öyrəndim
Çox səlis,çox mükəmməl...
Varlığımda yaşadıram,
Daş sevgisini,
Daş məhəbbətini...
Hətta ürəyimdə tərtib etmişəm
Daş dilinin izahlı lüğətini.
16.07.2022