Adilə Səfərova, jurnalist :  -  Hamlet"- Lənətlənmiş taxt-tac

MƏDƏNİYYƏT 09:33 / 05.04.2026 Baxış sayı: 1071

 

Naxçıvan Dövlət Milli Dram Teatrında U.Şekspirin dünya dramaturgiyasının misilsiz nümunəsi hesab olunan "Hamlet" əsəri teatrsevərlərə təqdim olunub. Bu möhtəşəm sənət nümunəsinin səhnə təcəssümü Naxçıvan teatrında mühüm ədəbi hadisə kimi təqdirəlayiqdir.

Təbiətdə yeni dönəmin başlanğıc çağında, ana torpağın oyanış vədəsində, Baharın gəlişi, Yaz bayramı ərəfəsində bu ədəbi sənət hadisəsi teatrsevənlərə də əsil bayram sovqatıdır desək, yanılmarıq. Çünki, dahi ingilis dramaturqu Uilyam Şekspirin qələmə aldığı bu əsər bəşər düşüncəsinin ən mürəkkəb suallarını gündəmə gətirən, insan ruhunun dərin qatlarını açan nadir sənət incilərindən biridir və əsrlərdir öz aktuallığını qoruyub saxlayır. Bəli,yaradıcılığında humanizm,xəlqilik kimi bəşəri ideyaları önə çəkən, insan xarakterinin mürəkkəbliyini böyük sənətkarlıqla təsvir edən Şekspirin “Hamlet” faciəsi də bu baxımdan spesifik xüsusuyyətləri ilə səciyələnir.Və əsər insanın daxili dünyasını, vicdan əzabını, ədalət və intiqam arasında gedən ağır mənəvi mübarizəni əks etdirən qüdrətli bir dram nümunəsi kimi dünyanı fəth edir. Təbii ki, dünya teatr səhnələrindən düşməyən, yarandığı dövrdən günümüzəcən dahi, şedevr rejissorlar tərəfindən səhnələşdirilən, ekranlaşdırılan belə bir əsərə müraciət etmək böyük cəsarət nümünəsidir və bu iş yüksək peşəkarlıq, mahir ustalıq tələb edir. Və inamla deyə bilərik ki, Naxçıvan teatrında tamaşanın yaradıcı turuppası özünə inam, cəsarət ilə bu məsul işin öhdəsindən məharətlə gəlib, möhtəşəm tamaşanı ərsəyə gətiriblər. Buna görə tamaşaya teatrın ən peşəkar, ən ustad sənətkarları, istedadlı aparıcı aktyorları cəlb olunub. Ugurlu seçimsə demək olar ki, öz bəhrəsini verib. Dörd xalq artisti və dörd əməkdar artistin rol aldığı səhnə əsərində obrazların daxili aləminin açılması əsas yaradıcı məqsədlərdən biri kimi uğurla həyata keçirilib. Tamaşada baş və əsas rolları xalq artisti Rza Xudiyev (Klavdi), əməkdar artist Nazlı Hüseynquliyeva (Kraliça Gertruda), Mir Qabil Əkbərov (Hamlet), xalq artisti Həsən Ağasoy (Poloni) və Şəbnəm Qaybalıyeva (Ofeliya) ustalıqla canlandırırlar. Xalq artistləri Rövşən Hüseynov, Şirzad Abutalıbov , aktyorlardan əməkdar artist Behruz Haxverdiyev, Məmməd Mehdiyev,Uğur Nəsirov, Əlizamin Abbasov, Saynur Babayev, Ələsgər Quliyev,Xəlil Hüseynov və digərləri də ,öz oyun tərzləri ilə diqqət çəkirlər. Onlar da obrazların psixoloji dərinliyini açmaqla, cərəyan edən hadisələrin dramatik gərginliyinə çalışır, tamaşaçılara həyəcan dolu anlar yaşadırlar. Bu mənada, tamaşaya rejissorluq etməklə baş rolu ifa etmək məsuliyyətini üzərinə götürən Mir Qabil Əkbərovun məharətli oyun üslubu xüsusi vurğulanmalıdır. Gənc olmasına rəğmən səhnə əsərinin mərkəzində olan Danimarka şahzadəsi Hamletin mürəkkəb və ziddiyyətli xarakterini dolğunluğu ilə yaradır.

Tamaşanın baş qəhrəmanı Hamlet dövrünün qabaqcıl düşüncəli ziyalı gənclərinin ümumiləşdirilmiş simasıdır. Zorakılığın və siyasi intriqaların hökm sürdüyü saray mühitində o, vicdan, həqiqət və ədalət uğrunda mübarizə aparan bir şəxsiyyət kimi təqdim olunur. Lakin... hakimiyyət hərisliyi, taxt-tac uğrunda çirkin mübarizə naminə törədilən cinayətlər baş qəhrəmanı dərin pisixoloji sarsıntılara məruz qoyur, faciəvi sonluğuna səbəb olur.

Hadisələrin inkişaf dinamikliyi Hamletin kral atasının ölümündən az sonra sarayda eyş-işrət, əyləncə məclisləri,anası ilə kral taxtına oturan əmisinin sevgi macərasıı fonunda yaranan şübhələrilə başlayır. Atasının kölgə ruhundan öyrəndikləri ilə vəziyyət daha da dərinləşir, şübhələrinin gerçəkliyi onun qisas almaq istəyini alovlandırır. Lakin qisas almaq niyyəti ilə bu yöndə tərəddüdləri Hamleti dərin labrint girdabına salır. Bütün bunlar-- baş rolun xarakteri, ədalət uğrunda mübarizəsi, amalı, bu yondə çəkdiyi iztirab və məşəqqətlər tipik çalarlarla, dolğunluğu ilə aktyor mərarəti ilə tamaşaçıya yansıyır, onlarda həyəcan yaradır. İnamla demək olar ki, tamaşanın uğurlu alınması səbəblərindən biri baş rol və digər obrazların dolğun ifaçılığından qaynaqlanır.

Təbii ki, əsərin ideya məzmun dəyəri, mövzu aktuallığı, hadisələrin kulminasiya məqamına doğru tragik dramatikliyi də maraq doğurur. Bütün zamanlarda hakimiyyət hərisliyi, taxt-tac səltənətinə sahib olmaq naminə döğma qardaşa qəsd etmək ən böyük faciələrə zəmin yaradır. Bu əsərdə də hadisələrin inkişaf məcrasında məlum olur ki, Hamletin atası – Danimarka kralı məhz qardaşı Klavdi tərəfindən zəhərlənərək öldürülmüşdür. Taxtı ələ keçirən Klavdi Hamletin anası Gertruda ilə evlənərək hakimiyyətinə sahib olub onu möhkəmləndirməyə çalışır. Lakin bu hakimiyyət ona rahatlıq gətirmir; əksinə, vicdan əzabı və daimi qorxu onun da həyatını məhrumiyyətlərə sürükləyir. Və diktə edir ki, qan tökməklə, ədalətsiz yolla əldə edilən hakimiyyətin dayağı çürük olur, mənəvi iflasla nəticələnər.

Tamaşada atasının öldürüldüyünü öyrənən Hamlet də qisas almaqla yanaşı ədalətin bərpa olunmasını davacib amal bilir.O, Klavdinin

günahını sübut etmək məqsədilə saraya gələn teatr truppasına kralın qətlini əks etdirən “Siçan tələsi” tamaşasını hazırladır. Tamaşa zamanı Klavdinin narahatlığı və təşvişi onun cinayətinin ifşa olunduğunu göstərən mühüm dramaturji məqam kimi təqdim olunur.

Xalq artisti Rza Xudiyev obrazın daxili aləmini açmaqla tamaşanı daha baxımlı edir. Əməkdar artist Nazlı Hüseynquliyeva da yüksək peşəkarlıqla Gertruda obrazı ilə tamaşaçıları təsirləndirməyi bacarır. Hadisələrin sonrakı gedişi faciəvi məcraya yönəlir. Hamlet Ofeliyanın atası Polonini öldürür. Bu hadisə Ofeliyanın ağır psixoloji sarsıntı keçirməsinə və sonda həyatını itirməsinə səbəb olur. Ofeliyanın qardaşı Laert isə atasının və bacısının qisasını almaq üçün Hamletlə duelə çıxır.Duel zamanı nizənin ucuna Klavdi tərəfindən zəhər sürtüldüyü məlum olur. Hər iki gənc ağır zədə alır. Ölüm ayağında olan Hamlet həmin nizə ilə Klavdini öldürərək atasının qisasını alır. Lakin bu qələbə faciəvi sonluqla nəticələnir: həm Laert, həm də Hamlet həyatını itirir.

Faciənin finalı bir daha göstərir ki, hakimiyyət uğrunda amansız mübarizə, intriqa və zorakılıq nəhayətdə insan talelərini məhvə aparır. Hamlet fiziki olaraq məğlub olsa da, onun uğrunda mübarizə apardığı ədalət, həqiqət və mənəvi dəyərlər ideyası yaşayır və insanlığı düşünməyə sövq edir. Tamaşanın uğurlu alınmasında rejissoru Mir Qabil Əkbərovun özünəməxsus səhnə yozumu, quruluşçu rejissoru əməkdar artist Səməd Canbaxşıyevin quruluş mizanları müstəsna amildir.

Tamaşada birinci və ikinci məzarçıların – Səməd Canbaxşıyev və Rövşən Hüseynovun yüksək səhnə performansı tamaşaçıların marağına səbəb olur. Bu sırada rejissor assistenti Leyla Yaqubovanın da payı az deyil. Eləcə də, Əfsanə Şirəliyevanın musiqi tərtibatı da hadisələrin cərəyanına emosional təsir göstərib, dramatik situasiyaların gərginliyini daha da artırır. Səhnə tərtibatı, quruluşu isə gənc rəssam Araz Xudiyev tərəfindən hazırlanıb. Dekorasiya və səhnə detalları tamaşanın ümumi bədii həllinə uyğun şəkildə qurulub və Şekispir dövrünün ab-havasını tamaşaçıya hiss etdirməyə xidmət edir