Bəhram Bilaloğlu - Sadə həqiqətlərin izahı
İnsan bəzən həyatın ən sadə həqiqətlərini yalnız itirmək qorxusu ilə anlayır. Bu nə zəiflikdir, nə də təsadüf — bu, insanın nəfs ilə ruh arasında qalan halının təbii təzahürüdür.
Təəssüf ki,bəzi hallarda insanlar bunu dərk etmək istəmir.
Maddiyyatın hər şeyi həll etdiyini düşünənlər isə, əslində həyatın yalnız səthində dolaşanlardır.Fəlsəfi nöqtəyi nəzərdən onlar dərinliyə enmədən hökm verənlərdir.Halbuki həyatın mənası əldə etdiklərimizdə deyil, itirə biləcəklərimizin fərqinə varmaqda gizlidir.
Daha diqqətlə baxsaq görərik,bəzən bir xəstəlik, bəzən bir itki, bəzənsə sadəcə bir anlıq nəfəs darlığı insanın daxilində gizli qalan həqiqət qapısını açır.O qapı açıldıqda insan anlayır ki, sahib olduğu ən böyük sərvət nə var-dövlətdir, nə də dünya malı — sadəcə rahat bir nəfəs, sakit bir ürək döyüntüsüdür.
İnsan niyə bunu yalnız çətinlikdə anlayır?
Çünki bolluq çox zaman qəflət yaradır. Rahatlıq, şükürün səssiz düşməninə, onu məhv etmək istəyən casusa çevrilir. Hər şey qaydasında olanda insan bunu öz haqqı kimi qəbul edir. Amma kiçik bir sarsıntı belə ona göstərir ki, bu “haqq” deyil,bu bir İlahi lütfdür. Məhz o anda insan dərk edir ki, hər nəfəs bir nemət, hər an bir əmanətdir.
Dostumun yaşadığı həyat və müşahidə etdiyim dəyişiklik də təsadüfi deyil. İnsan ölüm hissi ilə qarşılaşdıqda, yoxluğun kölgəsini yaxından hiss etdikdə onun daxilindəki sərtlik daha da yumşalır,dünyaya olan bağlılıq sıfıra düşür.Görürsən ki,"Quran" ayələri ilə təsəlli tapan qəlb artıq dünya ilə deyil, həqiqətlə danışmağa başlayır. Bu, bəzən qorxudan doğur, bəzən də idrakdan — amma hər halda bir oyanışdır.
Lakin bir sual qalır: insan niyə oyanmaq üçün sarsılmalıdır?
Bəlkə ona görə ki, insan unudan varlıqdır. Həyat isə vaxtaşırı xatırladır — bəzən sakit, bəzən sərt, amma həmişə ibrətli şəkildə,sanki,dənizdə olan səssiz ləpə kimi.
Mənim dostumun dediyi sadə, amma dərin bu fikir,heç zaman yadımdan çıxmır, həmin anda“bir dəfə normal nəfəs almaq mənə xoşbəxtlik kimi gəlirdi” — böyük bir həqiqətin ifadəsi qəbul edirdim.Bu, uzun izahlara sığmayan həyat dərsi idi, çox əziyyət çəkirdim.İnsan çox vaxt malik olduqlarının qədrini yalnız onları itirmək təhlükəsi ilə üzləşəndə anlayır.
Əsas diqqət edəcəyimiz məqam budur,
İnsan sahib olduqları ilə deyil, itirə biləcəklərinin fərqində olduğu qədər yaşayır. Şükür isə dilin deyil, dərk edən qəlbin ibadətidir. O qəlb ki, hər nəfəsi bir ömür, hər anı bir əbədiyyət sayır — yalnız o zaman insan həqiqətən yaşamağa başlayır,dəyər verir və dəyərləndirilir.