Bəhruz Niftəliyev :- Uydurmuşam səni mən,
Uydurmuşam səni mən,
Yalanıma bələndin.
Niyə ağrıyırsan ki?
Sən ki mənə bələddin!
Elə bildim varımsan,
Döyünməyin bəs edir,
Xainliyi gördükcə,
Böyüməyin bəs edir.
Sən demə toxunanlar
Tikanmış düz yolumda.
Ağrıların artdıqca,
Tükənmiş sol qolum da.
Ürək, nəyinə gərək
Bu bədəndə yaşama!
Tanrı, yanına gələk?
Sığal çək sən yarama…
Ürək, sevmə yıxanı,
Ələ vermə yaxanı.
Uzaqlara gedək, gəl,
Tanrıdamı yox, hanı?
Dayanmağa az qalmış,
Xəbər elə ruhuma.
Qanadını ona ver,
Hədər elə ruhuma.
Köçüm mən, məndən köçüm,
Keçim sərhəddən keçim.
Şərab yaman acıdır,
Ver o şərbətdən içim!
Kefin olsun, İsgəndər,
Ölüləri dindirmə!
Tanrı, daha sən mənə
Bir kitablıq din demə!
Qucağında sev, gedim,
Qulağıma de, gedim.
Qalxanımı al apar,
Qanadımı ver, gedim!
04.04.2026