Faiq Balabəyli - TƏZƏ BİR XATİRƏ TAPASAN DEYƏ

Ədəbiyyat 08:43 / 05.04.2026 Baxış sayı: 412

 

Günlərin birində yadına salıb,

Ötən günlərini ağlayacaqsan.

Ən əziz, ən doğma xatirə kimi,

Sən məni yadında saxlayacaqsan.

 

Qoşa gözlərindən qoşa daş kimi,

Bir cüt yaş düşəcək yanaqlarına.

Durub gəzəcəksən sən məni hər gün,

Rəhmin gəlməyəcək ayaqlarına.

 

Səni qınayacaq dostun, tanışın,

Sirrini heç kəsə deməyəcəksən.

Ürəyin uçacaq yanıma mənim,

Yerini heç kəsə deməyəcəksən.

 

Saçımı darayan barmaqlarınla,

Durub tellərini toxuyacaqsan

"Təzə bir xatirə tapasan deyə,

Köhnə məktubumu oxuyacaqsan".

 

Kələfə dönəcək fikrin-xəyalın,

Sən məni axtarıb, dolaşacaqsan.

Necə də oxşayır bu cavan ona,

Deyib birisinə yanaşacaqsan.

 

-O deyil, o deyil, o yoxdu artıq,

Deyib də köksünü ötürəcəksən.

Dünyanın ən ağır xatirəsini,

Necə ürəyinə götürəcəksən.