Xatirə Rəhimbəyli - Baxma ki özünü şax saxlayırsan

Ədəbiyyat 11:00 / 04.04.2026 Baxış sayı: 123

 

Baxma ki özünü şax saxlayırsan,

Hərdən qürurunun düşür yaxası.

Həsrətin yelləri oynadır hərdən,

Qəfil gözə dəyir pərdəarxası...

 

Gəlib bir nöqtəyə nırx dayanmısan,

O gündən bu günə sözün-sovun yox.

Dəryanın gözünə bir daş atmısan,

Gəlhagəl, qaçhaqaç,qovhaqovun yox...

 

Bir inad boynuna düşüb qalmısan,

Oturub qalmısan sözünün üstdə.

Görmürlər gözünə dik baxdıqların

Nə qəmdi yurd qalıb gözünün üstdə...

 

Baxma aramıza Çin səddi girdi,

Kinotək görürəm güzəranını.

Hər şey var...Di gəl ki bir yer tapmırsan

Qoyub dincələsən yorğun canını...

 

Sözə bələyəsən yorğun ruhunu,

Çıxa ürəyindən söz tikan kimi.

Hər nəfəs almağın qəhər udmaqdı,

Hər nəfəs sinəndən çıxır can kimi...

 

Baxma ki özünü çax saxlayırsan,

Hərdən qürurunun düşür yaxası.

Həsrətin yelləri oynadır hərdən,

Qəfil gözə dəyir pərdəarxası...