Arzu Əsəd -  Bizim "ateistlər

 

YAZARLAR 12:28 / 05.04.2026 Baxış sayı: 312

Məscid bombalanır, əzan səsi gələn minarə yerlə yeksan edilir. Bizim "ateistlər" yenə ağız-ağıza verib lağlağı edirlər: "Allah öz evini qoruya bilmirsə..." Yada erməni daşnaklarının işğal olunmuş ərazilərimizdəki məscidlərə donuz bağlamaqları düşür. Onların da məntiqi bizim "ateistlər"in məntiqləri ilə eyni idi: "Allahın gücü varsa, öz evinə haram buyurduğu heyvanın bağlanmasına imkan verməsin..." Bizim bu günkü "ateistlər"imizin obrazını keçən əsrdə Səməd Vurğun parlaq bir şəkildə "Komsomol" poemasındakı Mirpaşa surətində yaradıb. Mirpaşa "Allahın evi"nə it bağlayır. Hazırkı virtual "ateist"lərimiz də elə edir, milyonlarla, milyardlarla insanın inam hissləri ilə öz dar ağılları çərçivəsində it oynadırlar. Bu "ateistlər" yalnız millətin dini dəyərləri ilə oynamırlar, həm də nəsillər arasındakı tarixi-mədəni bağları qoparır, köksüz, təməlsiz bir cəmiyyətin yaradılmasına, beləliklə də, milləti millət eləyən dəyərləri yox etməklə onu tarix səhnəsindən silməyə çalışırlar. "Komsomol" poemasında Bəxtiyar Mirpaşanı belə tərbiyə edir:

Əsrlər boyunca bu əzan səsi,

İnsanın insanla mübarizəsi

Sizə əfsanələr kimi gəlməsin...

O məscid, o əzan, ordakı insan,

Onların ən gözəl sirrinə dalsan,

Hər biri vaxtında yeni bir xəbər,

Hər biri vaxtında canlı bir əsər...

Bəşər bu yolları keçəydi gərək...

Böyük addımlarla gəlir gələcək.

"Bəşər bu yolları keçəydi gərək". Keçmişə, tarixi, milli-dini dəyərlərə münasibəti başqa cür daha necə gözəl, ibrətamiz ifadə etmək olar? Bəşər bu yolları hələ də keçməkdə davam edir. Məscidə donuz bağlayan erməni daşnakı, məscidə it bağlayan Mirpaşa ilə məscidlərə bomba yağdırılarkən sosial şəbəkələrdə it oynadan - insanların inamına ən alçaq ifadələrlə lağlağı edən azərbaycanlı "ateist"in arasında nə fərq var?