Adilə Nəzər : - Xati̇rə yeni̇ləyi̇rəm

Ədəbiyyat 11:00 / 05.10.2024 Baxış sayı: 260

 

Yenə də havada səslər duyuram,

Biri şeir üstə xatirələnir.

Elə ucalardan misralanır ki,

Üstümə dağ boyda sözlər ələnir.

 

Gəlir pıçıltısı əlli min ildən,

Ya da Füzulinin yaşından sızır.

Bəlkə Mövlanənin açıq əlindən -

Səmavi rəqsindən sıyrılıb süzür.

 

Düzülüb badələr, meylər, saqilər,

Həsənoğlunundur sürahi səsi.

Təzə bəstələnən tər musiqilər,

Onun qülqülünün xoş təranəsi.

 

Nə sənin ixtiran, nə onun kəşfi,

Nə mənim yazdığım şeirlər yeni.

Bir ucdan dəyişir yerin əşrəfi,

Dünyada nə varsa, nə varsa eyni...

 

Sinəmdə bir dəli ürək tövşüyür,

Az qalır qapısız qəfəsdən çıxa.

Başımın üstündə Günəş üşüyür,

İçimin odundan od alır yaxam.

 

Ruhumdan ağrılar keçir yenə də,

Bu yetim canıma bir ad cızıram.

Sadəcə xatirə yeniləyirəm,

Mən kiməm deyim ki, şeir yazıram.