Ayaz Arabaçı : - Mənə xəbər yolla, gələsi olsan...

Ədəbiyyat 13:00 / 04.10.2024 Baxış sayı: 594

Mənə xəbər yolla, gələsi olsan,

Gününü, vaxtını-saatını yaz.

Qıymıram sözünü başından çıxart,

Bu vəfa borcudur, gəlməsəm olmaz.

 

Gəlim qarşılayım lap gecəyarı,

Çəkilsin başımın dumanı-çəni.

Saçında tövşüyən payız rüzgarı,

Beşcə il geriyə aparsın məni.

 

Sağdı qəlbimdəki o zərif hisslər,

Getməyib burnumdan o xoş ətir gəl.

Silinməz ömrümdə qoyduğun izlər,

Sən mənə o şıltaq qızı gətir gəl.

 

Qəlbini, ruhunu nəğmələndirim,

İpək yelkənini açım dənizə.

Səni bir öpüşlə lalələndirim,

Sən denən yaraşmaz ayıbdı bizə.

 

Qovaq ayrılığı orbitimizdən,

Çevrilək yuxuya, işığa, səsə.

Heç kimin xəbəri olmasın bizdən,

Ölək, unudulaq, nəfəs-nəfəsə..

 

Məncə nəsib olar qayıtmaq mənə,

O qışa, o yaza, o yaya, bir də..

Ölək, unudulaq, və sonra yenə,

Təzədən doğulaq dünyaya bir də.

 

Ölməsəm, sağ qalsam qəza-qədərdə,

Qalan şey yoluna qoyular asan.

Eybi yox, dözərəm yaza qədər də,

Mənə xəbər yolla gələsi olsan..