Kemaleddin Qedim : - HARAMA YARAŞIR DAHA CƏNNƏTİN

Ədəbiyyat 10:44 / 04.10.2024 Baxış sayı: 570

· 

Bilirsən, varımı-yoxumu, Tanrım,

mən necə yadların-yadına verdim...

Cismimi torpağa, ruhumu, Tanrım,

göylərin yeddinci qatına verdim.

 

Tutmadı biri də naxışlarımın,

Yığıram yollardan baxışlarımı.

Kimsələr görməyən göz yaşlarımı

yanan ürəyimin çatına verdim.

 

Canım alınsa da qadam yerinə,

Dərd, bəla gəlsə də müdam, yerinə.

Qoydum hər yetəni adam yerinə,

nəyim var adamlıq adına verdim.

 

Böldüm qismətimi çörək istəyən,

Yapışdım qolundan kömək istəyən.

Məndən könül uman, ürək istəyən,

mən onu sevdiyim qadına verdim.

 

Harama yaraşır daha cənnətin,

Verməz istəsəm də yaxa, cənnətin.

Mən ki, canımdan da baha cənnəti

bu fani dünyanın badına verdim...