Əllərini göy üzünə dua kimi açan şair - Sona Vəliyeva yazır
Bu gün görkəmli şair Vaqif Bayatlı Odərin doğum günüdür. Filologiya elmləri doktoru, Əməkdar jurnalist Sona Vəliyevanın Vaqif Bayatlı Odərin poeziyası haqqında "Əllərini göy üzünə dua kimi açan şair" adlı məqaləsini təqdim edirik:
(Göy üzünü ayaqyalın gəzən, Allaha doğru ayaqyalın yüyürən, qəlbi yeni doğulan körpə kimi tərtəmiz, çocuqlaşa-çocuqlaşa saflaşan ruhuyla Ərafdan keçib bizi də əllərimizin göy üzünə çiçək kimi açılmasına çağıran, “yupyumru” Eşqin sahibi Vaqif Bayatlıya ünvanlanan suallarıma cavab almaq üçün yazılan açıq məktub...)
Milyon illərin o üzündə nə var, nə yox, şair? O illərdən baxanda insan oğlunun mənəvi biçimi yerindəmi?
Bəllidir, hər şeydən, yerdən, göydən, lap hər şeydən öncə yalnız Yaradan var... “Ol” deyincə hər şeyi “ol”duran, var edən, bölən, böldürən, artıran, çoxaldan, hərəkət və bərəkət mənbəyi kimi kainatın varlığını sonsuzluğa doğru, özü bildiyi vaxta qədər var edən Allah var... Allahdan insana, insanlığa gələn yolda milyon illər ərzində çox sular axdı; gah duruldu, gah da bulanıq olaraq qaldı.
Rəhim, Rəhman xislətiylə kainatı yönəldən, tək olan Allah! Yerin-göyün “ol”maşına nizam verən Tanrıya üz tutan şairin Göylərin lap dibinədək gedən səyahətindən bizə çatdırdıqları onun könül gözünün gördükləridir:
Varı-yoxu dibində daş,
Yanında da daş balası.
Bu göy üzündən o yana
Tanrıyla öyünə-öyünə
Sevinə-sevinə axan su.
Göyün, Yerin bünövrəsinə “daş” qoyan Tanrının daşa “daş balası” kimi həyan yaratması, suyun göy üzündən o yana dönüb gəlməsiylə, Tanrıya şükürlərlə öyünə-öyünə axmasını görən, bilən bu gərdişə şahid olan neçə şair var bu dünyada?
Şair, biz hamımız təbiətin bir parçasıyıq, bu, bir həqiqətdir. Təbiətdəki bütün varlıqların insan cismində, hətta kimyəvi təsdiqi mövcuddur... Deməli, Allah bizi zərrə-zərrə təbiətlə həmahəng yaradıb ki, ONUN varlığını insanoğlu hər an dərk etsin. Amma çayın içində bir qonur daşın rəngindən gözlərinə uyğun rəng doğmalığı duymaq və bunu taleyi kimi qəbul etmək, daşda qardaş doğmalığı tapmaq sizi yenə göyün yerdəki adamı kimi “ələ verir”:
O bulaq içində bir qonur daş
taleyimdi mənim
biz qardaş kimi doğulsaydıq,
O, bulaq gözündə doğuldu ancaq,
Mən insan gözündə, insan şəklində.
O daşın qonuru o gündən bəri
qardaş rəngitək gözümdə qalıb...
Bəli, şair, gözlərimiz qara, qonur, mavi daşlarla “qardaşlaşaraq” bulaq taleyini yaşayır, bir kövrək məqamda daş altından çağlayıb ürəyimizi qəlpə-qəlpə söküb aparır.
Yupyumru eşqin sahibi şair qardaşım, dünya girdədir, yumrudur yolu, dolana-dolana insanları bir-biri ilə rastlaşdırır, hadisələr oxşardır, təkrarlanır, yollar dünyanın belinə dolandıqca sonu hamımızı eyni məkana aparmağa yönəlib. Yumru, girdə yaradılan dünyanın başqa qaçış, çıxış yolu yoxdur. Allah bilərəkdən ölçü-biçili yaratdı bütün kainatı... Yerin hərəkəti yolları dünyanın və bizim ömrümüzdən keçirərək, hamımızı bir məkanda, ilkin Vətəndə, gəldiyimiz yerdə, Allah hüzurunda məskunlaşdıracaq... Amma bizə hərəkət qüvvəsi verən EŞQİN bu dünyada neçə şair yumru olduğunu gördü, dərk edə bildi?
Göy üzü, göy üzündə olanlar hamımızın “Ol”dan əvvəlki ömrümüzdə gördüklərimiz, içindən gəldiklərimiz, nədən doğuluşumuzdan qırx günmüddətinə yaddaşımızdan pozulub, yenidən yazılır?
İlahi bilgilərin, mələk yaddaşının yer cazibəsində itirilməsi bir anlıq ömrümüzdə “lövhü-məhfuzda” yazılan qismətidirsə, Yerin dərdi çox ağırdır, şair... “Eheyy, göy üzünün üzündəkilər, kimsiniz?” – deyə səslənsək də, göyün sirri sirr olaraq qalır, hər kəsə açılmır. Bəlkə, insan elə göyü, göy sakini olduğunu unudaraq yerdə “mənəm-mənəmlik” iddiasına, nəfsinin bəlasına buna görə düçar olur? Sizdən soruşub bilmək istədim, göy üzünün o üzündən bu üzünü dinləyərkən, göyə yerdən, yerə göydən baxarkən “Eşq”in Tanrıya çatacağı yolda yaranan çətinliklərə bəxtəvərlik demək olarmı?
Hər an üzü Allaha tək bir yol olar ancaq,
Allah görünməz, duyular ancaq.
– məqamına qədər ovudula bilməyən tənhalıqlar, kədərlər, sevgilər neçə kərə yanıb, kül olub, öz yoxluğundan “var” olmağa, əbədilik qazanmağa İlahi rüsxət ala bildimi? Beləcə, yoxdan var olmağa gələn yolun əzablarının sevinc, kədərinin nəşə, ölümün isə əsl həyat, əbədi ömür demək olduğunu öyrədən mənəvi yüksəlişin sirrinə hər adam Vaqif olmaz. Ən böyük eşqin göz yaşlarının mənbəyinin “göy üzündən o yana Tanrıyla öyünə-öyünə, sevinə-sevinə axan su”dan başlaması da həqiqətdir. Əks halda, bütün doğmalarının yoxluğunda Allahdan təsəlli bulan insan oğlu, Allahını itirəndə, canlı meyitə çevrilib, sərgərdan olmazdı ki...
Tanrının dərki də, ona sevgilər də, tökülən göz yaşları da eşqin çəkisində insana qanad biçimi verirmiş, yüksəliş üçün, Tanrıyla qovuşmaq üçün:
Göyün göz yaşından sərxoş,
canın qəmdən!
Ağlama, dur!
Əsl göz yaşı ağlanmır,
əsl göz yaşı udulur...
Var olsun içimizdə udulan mübarək göz yaşları!
Əziz şair, udulan göz yaşında içimizin ucsuz-bucaqsız genişliyi qarış-qarış yuyulub arınır, təmizlənir, dualardan büllur qanad taxaraq, eşq səccadəsində and namazı qıldırıb, bizi göy Vətəninə sakin olmağa uğurlayır... Amma hər adam gedib ORA çata bilmir. Göylərin sakini olan şairə, yerdə qəsrlər, saraylar ucaldılsa da, göyün qarışına belə dəyişməz:
Ölümsüzlük səni dilər,
Ölüm hər adama gələr,
Ölümsüzlük gəlməz, gedilər...
– deyirsiniz... Bəli, gedilir, yerin nəfsindən, qalmaqalından, bəhsə-bəhsindən, var-dövlət yarışından azad olarıq, qəfəsdən uçub, azadlıq qazanan quş kimi...
“An” məsələsini soruşacaqdım, şair...
Əziz şair, sizin üçün əsas olan ruhunuzun tarixidir, ruhunuzun ölməzliyidir... “Cismani, fiziki itkilərin tarixi “an” məsələsidir” deyirsiniz... Elə isə dünyada insanlar “an”lıqyaşamlarında bu qədər dağıntılara, müharibələrə, insan ölümlərinə, göz yaşlarına səbəb olaraq etdikləri əməllərlə Allaha qarşı çıxmırlarmı? Elə isə dünya həyatı an olaraq bitdikdə, gözləri qapanana yaxın, “dünya söndükcə sən görünürsən, İlahi” fikri doğrulan an Allah qarşısında əməl imtahanının cavabı yaşam tərzi kimi öncədən öyrənilməli deyildimi? Şərin təlimçisinə uymamağa çağıran dörd müqəddəs səmavi kitabın göstərdiyi qurtuluş, xilas yolunu unutmağa nələr mane oldu, şair?
Dini rəvayətlərdə deyilir ki, on ikinci imam Mehdinin zühuru ilə yer üzü yeni əmin-aman inkişaf mərhələsini yaşayacaq. Silahlar eksponata çevriləcək və ya qurd quzuyla otlayacaq. Belə bir zaman mərhələsinə insanlıq qədəm qoyacağına göy sakini olaraq ümidiniz varmı, şair?
“Cinayət” və “cəza” sözlərinin lüğətdən silinməsində, işğal, müharibə, nifrət və irqçilik, əzən və əzilən təbəqələrin nə demək olduğunun mənasının lüğətlərdən axtarılacağı vaxtın-zamanın yetişməsinə insanlığın saflaşmasına, arınıb, durulmasına şeirin gücü yetərmi? Axı Yer üzünə insanın Tanrı tərəfindən tər-təmiz, hətta qanadlı göndərildiyi halda qanadlarımızı yandıran şeytana niyə uymuşuq? Bu bir həqiqətdir ki, Tanrıdan uzaqlaşdıqca fürsəti qisasçı şeytana buraxmışıq:
Tanrıdan uzaqlaşdıqca insanlar
Qanadsızlaşır, qəddarlaşır onlar,
Qəddarlaşır onların
Yerişi, yolu, izi də.
Çəkilib insanlardan
Göy üzünün o üzünə
Qəm çəkir Tanrının özü də...
- deyirsiniz... Allahın “qəm çəkməsi” fəlakətdir, şair. Bir ərköyün, nadinc övladla bir ata-ana əsir, yesir, naəlac qalır. Yer üzü, insanlar haqq yolundan sarpanda Allah qəm çəkə-çəkə, səbirlə dözər. Allahın qəmindən, qəzəbindən yaranan zəlzələ, sunami, torpaq sürüşməsi dünyanı bürüyəndə, yayın qorabişirən ayında qar yağdıran Allahın “yolunuza qayıdın” mesajındakı işarələr az adama agah olur. Xilas yolu yenə də Allaha, Yaradana, onun yer üzündə təcəlla etdiyi varlıqlara sevgiylə, eşqlə yanaşmaqdır. Eşqdə var olan hər şey gözəl və bütün isimləri ilə mükəmməl Allahı, vəsf etdiyindən insanın saflaşmasına, mübarəkləşməsinə inamlar çoxalır, artır. Könüllərə uçuş edən, könüllərdən haqqa doğru ucalan qanadlı, yupyumru eşqlər var olsun, şair... Əgər şeir Tanrıya doğru uçuşdursa, Nəriman Qasımoğlunun Sizə ithaf olunan “Eşq elçisi” şeirində deyildiyi kimi, İlahi uçuşa, qanadçalmaya ruhən könül vermiş şairin səmaya ucalarkən saf əməllərin, təmənnasız sevginin nurundan başının üzərində yaranmış halə belə bir başqa qiyafədə Yaradana doğru canatım, deyilmi?!
Sən də oldun eşq elçisi,
yükün nə gözəl!
Göy üzündə süzür ruhun,
peykin nə gözəl!
Bu eşq alayı bir yazı,
dərgahdan gəlir avazın,
açırsan Tanrı qapısın,
ərkin nə gözəl!
Hey uçursan könlümə tuş,
mələklər sevgindən bihuş,
bu nə qanad, bu nə uçuş,
halın nə gözəl!
Qəlbindən nur qəlbilənir,
yanağında ləpələnir,
başında nur təpələnir –
halən nə gözəl!
Bizi belə öyrətdilər, məbədə, pirə, məscidə ayaqyalın girin, dili dualı girin, “Bismillah”la, “La İlahə İlləllah”la girin... Min illərdir Allah kəlamı olan müqəddəs məkanları həm də könül məbədi bildik, ürəyimizin dərdlərin, qəlbimizin munis istəklərinin məhz buradan Tanrıya tez çatacağına inandıq. Siz isə milyon illərdir, Allahın ilk yaratdığı nəslin nümayəndəsi kimi, saf-müqəddəs arzularınızla göyün, yerin – bütün kainatın sakini olaraq, göy üzünə ayaqyalın qədəm qoyaraq bizi Allaha doğru səsləyirsiniz. Sizə qoşulub uçduqca bəzi həqiqətləri daha dərindən dərk edirik. Gözümüzü qapayaraq iç dünyamızın gözləri ilə hamının görə bilmədiyi yerləri, gözəllikləri görürük. Qulaqlarımızı qapayaraq heç kimə duyulmayan səsləri eşidə bilərik. Tanımadığımız, bəlkə də, doğulmayan adamların sevgisi ilə həsrət çəkə-çəkə bəxtəvər olarıq.
Yenə sizə dönürəm: “Xoş gəlmisiniz! Lütfən, ayaqyalın keçin, göy üzündə hər an üzü Tanrıya doğru ayaqyalın yüyürün, yüyürürkən körpələşən, çocuqlaşan, hər ulduzla öpüşən ayaqlarınız, üzü Tanrıya açılan bütün çiçəklərtək göy üzünə açılan əlləriniz, hər an Allaha “Can!” deyən canınız yupyumru bir duayla, yupyumru bir göylə, “xoş gəlmisiniz” – deyirsiniz, Buyurun! – deyirsiniz, saflaşın, ayrılıqlara son qoyaraq Allaha dönün!” – söyləyirsniz:
Min ildir, milyon ildi,
Göylərdə ayaqyalın
Sənə sarı qaçıram,
Ayaqlarım sevinir,
Yolum sevinir, Allah!
Duaları, “UÇUŞ”ları ilə bizi də göylərə doğru uçuş xəttinə səsləyən şairə sonsuz sayğı və sonu bitməyən suallarımla...