Əlisəfa Azayev: - Cənnətın qapısı!..

YAZARLAR 10:48 / 04.10.2024 Baxış sayı: 593

Əgər Azərbaycan bir Cənnətdirsə, sözsüz ki, onun açılan qapılarından biri, bəlkə də, elə birincisi "Bilgəh" sanatoriyasının qapılarıdı. Bu qapılar möhtəşəmliyi ilə diqqəti cəlb etdiyi kimi, həm də insan orqanizmində əsas orqan ürəkdirsə, onun da müalicəsi buradadı. Burada pasiyentlər arasında kimlərə təsadüf etməzsən? Rusiyadan, Qazaxıstandan, Belarusiyadan gələnlərə... Aralarında Pribaltika respublikalarından, xaricdən gələnlərə də təsadüf edilir. Səslər eşidilir:

- Zdrastuviyte...

- Dobrıy den...

- Qud morniq tiça...

- Qatso...

- Bonjur...

Buraya gəldiyim ilk gün məni qeydiyyat şöbəsində Kəmalə xanım, işçiləri qarşılayır. Ancaq di gəl ki, Ədliyyə Poliklinikasından müayinələrdən keçib, həmkarlar təşkilatına arayış təqdim etsəm də, bura həkim göstəricilərini gətirməmişdim. Bu səbəbdən iyirmi bir manat kassaya ödəməli oldum. Arayış təqdim edərək dedilər:

- Bunu həmkarlara təqdim etsəniz, həmin məbləğ sizə ödəniləcək.

Bu münasibətdən bir qədər ruhlanmış halda, Kəmalə xanımın stolunun üstündə qalaqlanmış xeyli sənədlərə, kağızlara baxa-baxa dedim:

- Yox, hiss olunur... Necə deyim ki... Yəqin ki, 1912-ci ildə bədbəxt hadisə nəticəsində qəzaya uğrayan "Titanik" gəmisinin kapitanı - sükançısı siz olsaydınız, bəlkə də, o 1500 nəfərə yaxın binəvalar həlak olmazdılar.

Bu sözlərimin doğurduğu təbəssüm, gülüş sədaları altında otaqdan çıxanda onların da xoş münasibətini eşidirəm.

- Çox sağ olun...

- Çox gözəl...

- Ancaq bunu yerində demək lazımdır.

Təsadüfə baxın, otağım ikinci binanın bir saylı otağı olur ki, burada səkkiz il əvvəl - 2016-cı ildə qalmışam. Beləcə işlər heç də pis getmir. İmkan düşən kimi köhnə baş həkim Muxtar həkimlə görüşür, hal-əhval tuturam. Hətta deyirəm:

- Sağ olsunlar, nəzərə aldılar... Mən yaradıcı adamam... Bəzən gecə durub yazı yazıram. Yanıma kim gəlsə, narahatçılıq olar...

Həkim deyir:

- Narahat olmayın, baxarıq...

Minnətdaram... Onun vaxtında, elə sonradan təyin olunmuş təzə baş həkim Fuad həkimin vaxtında da bu məsələyə diqqət yetirildi, nəzərə alındı.

Həkimim gözəl insan, xanım olan İradə Mehdiyeva idi. O, ata tərəfdən qubalı, ana tərəfdən bakılı olduğu üçün münasibətində də həmin bölgələrin xarakter və xasiyyəti özünü büruzə verirdi. Bir də görürdün ki, yanına kimsə girib, çıxmaq bilmir. Bu da səbəbsiz deyil. Həkim xanım düz 42 ildir ki, burada çalışır. Gələnlərin də çoxu elə köhnə tanışlardı. Biri dil-boğaza qoymadan deyir-danışır, onu tərifləyir, öyürdü:

- Qərdəşim, bilirsən bu necə gözəl həkimdi. Ölünü dirildir də...

- Hə...

- İnan, bizim arvad az qala ölmüşdü də. Bunun yanına gətirdim, arvadı diriltdi də...

- A kişi, öləcəkdi, təzəsini alacaqdın da.

Kişi həmin adama qabardı:

- Səy-səy danışma, oğlan!.. Yaxşı arvadın yerini heç nə verməz. Mən onunla əlli ildi ki, bir yastığa baş qoyuram. Bu günlərdə qızıl toyumuzu etmişik.

Biri isə özünü təqdim edəndə Ulu Öndərimiz Heydər Əliyevin bu sözlərini də deməyi unutmadı:

- Sağ olsun... Rəhbərimiz həkimlər haqqında yaxşı deyib...

- Nə?..

- Deyib: "Cəmiyyətdə həkimlik peşəsi ən hörmətli, ən mötəbər peşədir".

- Sağ olsun, düz deyib də.

- Mən nə deyirəm ki... Mənə də onun sözlərini təsdiq edirəm də.

- Yaxşı, qolunu bəri elə təzyiqini ölçüm.

- Həkim, bu təzyiqdən danışma da, elə oynayır ey... Qalxıb-düşür də...

- İnşallah, burada yaxşı olar. Qaydaya salarıq. Ancaq bizim dediklərimizə əməl edin.

Həkim qələm sahibi olduğunu, gecələr yazı yazdığını biləndə deyir:

- Yox... Çox da belə eləmək olmaz... Bura müalicəyə gəlirlər, yaradıcılığa yox...

- Onu düz deyirsiniz... Ancaq nə etmək. Bəzən özümüzlə bacara bilmirik də. İllərin vərdişidi.

- Şeir də yazırsız?

- Hərdən... Mən daha çox nasirəm...

- Heç bura haqqında yazmamısız?

- Yazmışam... 2016-cı ildə gələndən sonra. "Sanatoriya əhvalatları" povestini. Hələlik çap olunmayıb.

- Çap olunanda birini də bizə verərsiniz. Oxuyaq, görək nələr yazmısınız.

Şəkil məsələsində həkim prinsipiallıq göstərdi. Bələ ki, münasibəti xoş gəldiyi üçün onun haqqında yazı yazıb, saytlarda dərc etdirmək istədi. Qəzetlərdə də çap edə bilərdilər. Elə o, "sonra-sonra" deyə qalmışdı.

Bir gün lap haldan çıxan kimi olub, ona dedi:

- Həkim, mən də elə sizin kimi az-çox ciddi adamam ha... Bu otağa axırıncı gəlişim olar...

O, gülümsər halda soruşdu:

- Yaxşı, bu şəkli neyləyirsiz?

Daha dözə bilməyib dilləndi:

- Evdəkilərə göndərəcəyəm  baxsınlar.

- Daha bu olmadı ki...

Əlacsız qalıb fikrimə aydınlıq gətirəsi oldum:

- Mən əvvəl də sizə demişəm... Sadəcə olaraq qan təzyiqimi ölçəndə bir şəkil çəkdirmək istədim. Belə canlı şəkillərə üstünlük verilir. Saytlarda, mətbuatda...

Otaqda iki nəfər orta yaşlı adam da vardı. Ər və arvad. O, kefsiz halda vidalaşıb, otaqdan çıxanda, həkimin də işinə ara verib dəhlizə çıxdığını gördü:

- Müəllim, bağışla... Daha onların yanında açıb-tökmədim. Bu gün bizi iməciliyə aparmışdılar. Həyət-bacanı qaydaya salırdıq. Təzə baş həkim gəlir... Ona görə də üz-gözüm, saçlarım bir qədər səliqəsiz idi. Şəkil demirsiz, birinci günü çəkdirərik.

Həmin şəkil məsələsi bu söhbətlə də qapandı. Daha nə o təklif etdi, nə də mən... Başqalarında bilmirəm... Bəli, jurnalistlər həmişə qələm işlədə bilirlər. Yaradıcı adamlar, xüsusilə yazıçılar hər vaxt yazı yaza bilmirlər axı. O, sanki bir anda saçan qığılcımdı. Tutdun, yazdın sənindi, yazmadın, buraxdın... Çətin... Sonra yazsan da əvvəlki dəyəri, şirinliyi, məzmunluluğu verməz. Bir sözlə, ruh məsələsi burada əsasdır. Ruhdan düşdün, sonradan belə yazını yazmağa cəhd etsən də, xoşagələn, istədiyin kimi alınmayacaq.

Qarşımda mənə verilmiş kitabça var. AHİK "KURORT" QSC "Bilgəh" sanatoriyası sanator-kurort kitabçası. Bəli, kitabçadan göründüyü kimi bura qapalı bir təşkilat olsa da, çox açıq fəaliyyət göstərirdi. Gəlib-gedənlərə bir o qədər nəzarət yox idi. Təzə baş həkimin ilk tədbirlərindən biri də bu sahədə qayda yaratmaq oldu.

Kitabçamın nömrəsi 8017-dir. İlk səhifəsində mənə dair anket göstəricilər yazılıb. Bir də müalicə müddəti 11.IX-dən 25.IX-dək. Otaq 2-1. Əsas diaqnozda "Gərginlik", yanaşı diaqnozda "Arterial" sözlərini oxuya bildim. Rejim və pəhrizdə də müvafiq qeydlər vardı. Həkimin qəbul günləri göstərilmişdi. Müayinələr bunlar idi: boyu 173, çəkisi 109, saturasiya 99. Nəbz, EKO, qanın ümumi analizi, sidik analizi barədə də müvafiq qeydlər vardı.

"Vannalar" barədə bir şey yazılmamışdı mənə. Masaj isə iki gündən bir idi. Müalicə idman barədə də bir şey göstərilmirdi. Fizioterapiya isə üç növdə aparılırdı: elektriklə təsir, parafinlə, qanın durudulması üçün... Digər müalicələr qrafasında da mənim üçün bir şey yazılmamışdı. Dərman müalicəsində nə isə qeyd olunurdu. "Evə yazılarkən məsləhətlər" qrafasında da qeydlər vardı. Həkim dilində isə elə deyildiyi kimi, daha çox həkimlər oxuyub-yaza bilər. Sonuncu vərəqdə isə oxuyuruq: "Hər tərəfli sanator-kurort müalicəsi almaq üçün nələri bilmək lazımdır.

1. Sağlamlıq təbiətin təbii qüvvələrinin (günəş şüaları, hava, su, mineral sular, müalicə palçığı və s.), bədən tərbiyəsinin (gəzinti, idman oyunları) və pəhriz qidalanmasının birlikdə təsiri ilə bərpa olunur.

2. Müalicənin keyfiyyətli olması üçün həkimin təyin etdiyi müalicə və istirahət rejiminə əməl olunmasına I dərəcəli əhəmiyyəti vardır.

3. Müalicənin müvəffəqiyyətli alınmış müalicələrin miqdarından asılı deyildir. Müalicəni həkimin təyin etdiyi vaxtlarda və təyin etdiyi miqdarda almaq lazımdır.

4. Hər əməliyyatdan qabaq ve sonra istirahət etmək lazımdır. Müalicə əməliyyatı zamanı tam sakitliyə riayət edilməlidir.

5. Günəş vannalarını yalnız həkimin təyinatı və tibb işçilərinin nəzarəti altında qəbul etmək lazımdır.

6. Yalnız həkimin icazəsi ilə səhər yeməyindən 1-1,5 saat sonra, nahardan isə ancaq iki saat keçdikdən sonra çimmək olar. Sudan çıxan kimi qurulanmalı, geyinib 10-15 dəqiqə gəzmək lazımdır. Həkimin təyin etdiyi gəzinti və fiziki hərəkət rejiminə əməl edilməlidir. Səhərlər gigiyenik idmanla məşğul olun. Vaxtın çoxunu təmiz havada keçirmək lazımdır. Yadda saxlamaq lazımdır ki, təmiz hava ən yaxşı müalicə vasitəsidir.

7. Qidanın yaxşı həzm olunması üçün daimi olaraq eyni vaxtda qidalanmaq lazımdır. Yorğun vəziyyətdə stol arxasında oturmaq lazım deyildir. Tələsmədən, qidanı tam çeynəyərək qəbul etmək lazımdır. Həkim tərəfindən təyin edilmiş pəhrizə əməl etmək lazımdır.

8. Sanatoriyanın daxili qayda-qanunlarına uyğun olaraq təyin olunmuş vaxtda yatıb-durmaq lazımdır. İstirahəti təmiz havada, kölgədə, idman meydançalarında keçirtmək lazımdır. Mədəni istirahətin yaxşı növləri piyada, maşınla və katerlə səyahətlərdir. Onlar biliklərin artırılmasına və Vətənin görməli yerləri ilə tanış olmağa imkan verir. Sanatoriyadan sonra ev şəraitində də düzgün rejimə əməl olunması sağlamlığın qorunmasına kömək edir.

Sonda həkim öz şəxsi telefon nömrəsini yazmışdı ki, zəruri hallarda istənilən vaxtı onunla əlaqə saxlaya bilək. Bu, çox xeyirxah bir hərəkət idi. Axı, burada ürək xəstələri müalicə olunurdu. Onlara hər an xoşagəlməzlik, özlərini pis hiss etmək nəsib ola bilərdi.

Adətən, o, hara gedirdisə, birinci həmin ərazinin, təşkilatın kitabxanasına baş çəkərdi. Burada da belə oldu. Ancaq kitabxananı səkkiz il əvvəlki yerində tapmadı. Başqa bir yerə köçürülsə də, daha əvvəlki adı, fəaliyyəti dəyişmiş, klub adlandırılırdı. Müdiri də həmin kitabxanaçı Nəzifə xanım. Ancaq onu ilk əvvəl tanıya bilmədi. Ətə-qana, yaşa dolmuş, imici dəyişmişdi. Əvvəl daha çox qara paltarda görsə də, indi bir qədər fərqli rəngdə geyinmişdi. Sakit təbiətli bu gəlin hələ onda ona çox abırlı, həyalı gəlmişdi. İndi də belə idi. Ancaq demə musiqi sahəsində orta ixtisas təhsilli, ali təhsilli imiş. Gözəl səsi vardı. Xalq mahnılarının əsl ifaçısı idi. Bir də ona bu aydın oldu ki, Niyazi kimi böyük sənətkarlarımızla bir yerdə, demək olar ki, bütün dünyanı gəzib dolaşmış bu xanımın bəxti ailə tərəfdən gətirməmişəm. Həyat yoldaşı vaxtsız dünyasını dəyişmiş, iki uşağını - oğul və qızını min bir müsibətlə böyütmüşdü. İndi onlar ailə sahibi olsalar da, yenə qayğılarını o çəkirdi. Dilləndi:

- Bağışlayın, əvvəl sizi mən tanımadım.

- Narahat olmayın. Olan şeydir.

- Siz bizim sevimli yazıçımızsınız... Kitablarınızdan bizdə çox idi. Bir neçəsini aparıblar. İnanın, əlinə alan heç əlindən yerə qoymaq istəmir...

- Az tərifləyin...

- Olanı deyirəm...

- ...

- Əgər razı olsanız, sizlə görüş təşkil edərəm.

- Pis olmaz...

- Keçən səfər də tələsib getdiniz.

- Hə... Onda sizlə gec görüşdük. Mənim də getməyimə lap az qalmışdı.

Beləcə bu görüş "Bilgəh" sanatoriyasında konfrans zalında keçirildi. İçəridə əlliyə yaxın adam vardı. Təzə baş həkim Fuad həkim də iştirak edirdi.

Daha doğrusu, onunla ilk tanışlıq elə kollektivə təqdim olunduğu gün oldu. Yeməkxanada bir nəfərlə ləngimişdi. Həkim köməkçisi ilə gəldi. Onlara yaxınlaşıb, səmimiyyətlə salamlaşaraq özünü təqdim edib dedi:

- Bir çətinliyiniz, probleminiz olsa, deyin, çəkinməyin...

Səhər yanında olanda, belə bir tədbir olacağını deyəndə, dedi:

- İştirak edərəm, hökmən...

- Çox sağ olun, - deyə ona minnətdarlıq etsəm də, açığı ona bir o qədər inanmadı. İndiki rəhbər işçilərimizin çoxunun kitaba, belə tədbirlərə olan soyuq münasibətləri danılmazdı. Hələ də bu sahədə lazımi canlanma yoxdur. Sanki kimi isə gözləyir, onun sərt sözlərini eşitmək istəyirlər.

Ancaq Fuad həkim həmin tədbirə gəldi... Gəlişi ilə də sanki həmin tədbiri nurlandırdı. Yaxşı bir çıxış da elədi. Onun təcrübəli bir tibb işçisi, tibb üzrə fəlsəfə elmləri doktoru olduğun bildilər.

Həmin tədbirdə baş həkim Fuad Quliyevlə yanaşı istirahətçi alim Hamlet Mayılov, neftçi mühəndis Fariz Tağıyev, şair Vaqif Mahmudov, istirahətçi alim Zibeydə xanım, istirahətçi Ağasahib Cəlilov, naxçıvanlı Fuad Axundov da çıxış etdilər. Sonuncu hərdən həyat yoldaşı üçün boşqabda yemək aparanda onu kövrəldərdi. Qadının hərəkət çətinliyi olduğu üçün bəzən yeməkxanaya gəlməzdi.

Artıq sanatoriyada az-çox təmizlik abadlıq işləri başlayıb. Hələ bura gəldiyi ilk gündən deyirdi:

- Heç olmasa Bakı-Mərdəkan-Zuğulba yoluna baxın... Görün necə səliqə-sahman yaradılıb... Yol boyu gözəl yaşıllıq, gülüstan yaradılıb. Bura isə sanatoriyadı. Bunlar sarıdan kasadçılıqdı. Bəlkə, ürək xəstələrinə belə gözəlliklərə baxmaq məsləhət deyil?

- Dəniz var da...

- Dəniz var, çox yaxşı, öz yerində. Bunlar da lazımdı axı.

- Sözgəlişi deyirəm. Əlbəttə ki.

Bəli, indi çox şükür ki, yeni rəhbərlik bunları nəzərə alır, diqqət yetirir. İnanırıq ki, "Bilgəh" sanatoriyası, onun möhtəşəm qapıları da birinciliyi hər sahəli özlərində saxlayacaqlar. Cənnət qapıları kimi!.. Bu yerdə masajçı Tamella xanımın, fizioterapevtlər Aybəniz xanım, Surət xanım, Elnarə xanımın adını çəkməmək insafsızlıq olardı. Otağımda səliqə-sahman yaradan, təmizlik işi ilə məşğul olan xanımın, tibb işçisi Nəzakətin. Hərdən qan təzyiqimi ölçərdi.

Bir də yeməkxanada stol yoldaşlarım olmuş sabirabadlı Ağasahib Cəlilovun, naxçıvanlı Nazim Vəliyevin, Fariz Tağıyevin adlarını qeyd etməmək insafsızlıq olardı. Hər biri öz məhəlləsində, iş sahəsində, ailəsində kifayət qədər hörmət-izzət sahibi olan adamlardı. Ağasahib müəllim savadlı, riyaziyyat müəllimi olmaqla yanaşı, məzəli bir ziyalı idi. Dini təhsilə, şəriət qayda-qanunlarından məlumatlı idi. Atası da molla olmuşdu. Nazim əsl çekist təsiri bağışlayırdı. Bir gün internetdə onun bir şəklinə təsadüf etdi. Başında şilyapa, əsl centlmenlərə oxşayırdı.

Yeməkxanada qeydiyyatçı tibb bacısı Tamella Əhmədova, əsas binanın qeydiyyatçısı qız, poçtda əməliyyatçı olan ellim Nəzakət Abdullayeva, marketdə satıcı işləyən Kübra xanımla xoş təəssürat içində ayrılır. Kübra xanımın: "Meşə çaqqalsız olmaz" ifadəsinə xitabən dedi: "Görəsən, çaqqalsız meşə varmı?""Çətin" - dedi. Çünki belə bir yerdə də dilini dinc qoymayıb, haqlı-haqsız gileylənənlər olurdu. Necə ki, şair qardaşımız heç nədən beləcə söz-söhbətə düşmüşdü. Həyat yoldaşı gileyli halda deyirdi: "Dilini dinc qoya bilmirsən də..."

Yeməkxananın qeydiyyat kitabına yazası oldu: ""Bilgəh" sanatoriyasına gəldiyim ilk gündən yeməkxanadakı xidmətdən həmişə razı qalmışam. Məni qarşılayan tibb bacısı Tamella xanım əlli doqquz nömrəli stola tərəf aparıb dedi: "Müəllim, bax burada əyləşəcəksiniz". Bəxtimizdən stol yoldaşlarımız da insan adamlar oldular, bizim stola baxanlar da: Ağabacı, Firuzə, Reyhan.

Arada da eşitdi ki, yeməkxanada işləyənlərdən Vidadi Kürdəmirdəndir. Əvvəl zəngləşib, sonra görüşdük. Bir başqa kürdəmirliyə də burada təsadüf etdim. Sağ olsunlar, bişirdikləri xörəklər dad-tamı ilə qəlbimizi oxşadı, heç bir giley-güzarımız, narazılığımız olmadı. Əla bişirilmiş dovğa, borş öz yerində, müxtəlif növ meyvələrin, şirniyyatın verilməsi əla idi!

Bir də əsas səmimiyyət məsələsi idi. Belə adamların əlindən nə desən alıb yemək olar. Çox səmimi, alicənab insanlar, işçilər idilər. Uğurlar arzulayıram işlərində onlara!

24.09.2024. Əlisəfa Azayev, yazıçı.

 

Qeydiyyat otağındakı kitaba da bu sözləri yazdı: ""Bilgəh" sanatoriyasında ikinci dəfə oluram. Birinci dəfə 2016-cı ildə - səkkiz il bundan əvvəl olmuşam. Bu müddətdə sanatoriyanın bir o qədər dəyişilməməsi, elə köhnə qayda-qanunlarla qalması, fəaliyyət göstərməsi heyrətləndirdi məni. Yeni rəhbərliyin gəlişi, əlbəttə, baş həkim Fuad həkimin fəaliyyətə başlaması sevindirdi məni. Onun ilk gündən göstərdiyi fəallıq nəticəsiz qalmaz, inşallah! Hətta burada keçirilən yaradıcılıq gecəmə, mənimlə görüşmə təklifimi alan kimi buyurub gəldi, iştirak elədi. Bu onun geniş dünyagörüşündən, elmə-sənətə olan hörmətindən, insanlara qayğısından xəbər verirdi. Bir sözlə, insan adama oxşayır.

Qaldı ki, buradakı xidmətə... İlk gündən həkimim İradə Mehdiyevanın qayğısını hiss etdim. Çox sağ olsun, qayğıkeş həkimdir. Xəstəsinə lazımi yardımını göstərməyə çalışır. Ancaq bəzən mənim kimi ərköyün pasiyentlərə rast gəlsə də, "Hipokrat andı"na sadiq qalmağa çalışır".

24.09.2024. Əlisəfa Azayev, yazıçı.