Əbülfət Mədətoğlu : - ÖZÜMƏ
 

Ədəbiyyat 07:34 / 05.10.2024 Baxış sayı: 2277



Bir əl sıxır - nəfəsimi təngidir
Ürəyinin çırpıntısın səngidir...
Yavaş-yavaş yaşamağı tərgidir -
Əbülfət...


Bir ah açır qanadını çətir tək,
Bir üzünü qəm yandırır fətir tək!
Yavaş , yavaş tay tükənir xətir tək -
Əbülfət!

Bir söz donub düz dodağa yapışır,
Sözlə dodaq sanki indi tapışır!
Yavaş - yavaş halın hala qarışır -
Əbülfət!

Bir gecəlik yol qalıbdı sabaha,
Tükənməyib, bol qalıbdı, sabaha!..
"Ol!". yoxsa "Öl!" qalıbdı sabaha-
Əbülfət?!.

Səni yorub . tıncıxdırır suallar
Bu durumu od söndürən su anlar!
Danışacaq səndən, indi susanlar -
Əbülfət!..