Arzu Əsəd : - Hoqqabazdırlar!

YAZARLAR 16:04 / 05.10.2024 Baxış sayı: 208

Hoqqabazdırlar! Səməd Vurğun demişkən, "alim paltarında gülməlisən sən". Guya Azərbaycan xalqının geridə qalmasının səbəbi orta məktəblərimizdə Nizaminin, Füzulinin, Aşıq Ələsgərin şeirlərinin oxudulması olub.Bu nə düşüncədir? Bu nə ağıldır? Guya on-on bir il orta məktəbdə şagirdlərimizə heç riyaziyyat, fizika, kimya, biologiya, astronomiya dərsi deməyiblər. Guya universitetlərimizdə, institutlarımızda minlərlə, on minlərlə tələbə dəqiq elmlər öyrənməyib, öyrənmir? Sizin o yarım beyin daşıyan təpənizə Füzilinin heykəli boyda daş düşsün, altından çıxa bilməyəsiniz. Guya Almaniyada məktəb uşaqları gecə-gündüz kvant fizikası və genetika oxuyurlar, heç kim Höteni, Qrim qardaşlarını oxumur?

Bir ingilis Şekspiri, amerikan isə, məsələn, Lonqfellonu oxumur. Bu bəsit təfəkkürlü alimciyəzlər, sosial şəbəkə qəhrəmanları belə düşük şəkildə məsələləri bəsitləşdirməklə, əslində, milli mənəviyyatı kökündən qazıyıb atmaq istədiklərini heç başa da düşmürlər. Bu yeni modern cəhalət bülbülləri səs-səsə verib milli-mənəvi dəyərləri, klassikləri, elmi dünyagörüşün əsası olan humanitar düşüncəni eninə-uzununa yıxıb sürüyürlər.

Nə istəyir bu narazı ruhlar? Füzulini oxumaq, anlamaq, təhlil etmək niyə, məsələn, kompyuter texnikasını, kvant fizikasını, genetikanı öyrənməyə mane olsun ki? Bunu təlqin eləyən boşbeyinlər anlamırlar ki, əslində, Füzulinin böyük dini-ezoterik zehniyyəti, Aşıq Ələsgərin minillik folklor təfəkkürünü ifadə edən yaradıcılıqlarının öyrənilməsi dəqiq elmləri öyrənən fərdlərin də düşüncə üfüqlərini genişləndirir, onların öyrənmə və kəşf qabiliyyətlərini artırır. Bu yarımçıq təhsilli manqurdlara başa salmaq olmur ki, bəşəriyyətin böyük bir hissəsinin inkişaf etmiş digər dövlətlərdən geridə qalmasının səbəbi onların folkloru, dini, klassik ədəbiyyatları, milli-mənəvi dəyərləri deyil, bir yığın siyasi, iqtisadi, geosiyasi səbəblərdir. Malı mala qatmayın.

Yeni prolekultçuluqla məşğul olmayın. Folklorun, poeziyanın, ədəbiyyatın, humanitar düşüncənin öz yeri var, dəqiq elmlərin öz yeri. Heç bir ağlı başında olan inkişaf etmiş millət bu məsələləri bir-birinə qatmır, birinin inkişafı üçün o birini istisna etmir.