Aysel Alizada : - Anan Kamalə Abiyevadırsa…

YAZARLAR 14:11 / 05.10.2024 Baxış sayı: 166

“Müəllim uşağı” olanlar bilir. Çoxqatlı məsuliyyət, öhdəlikdi. Bir də anan Kamalə Abiyevadırsa… “Ən” olmalısan, başqa seçimin yoxdur. Kamalə xanım 45 ilin fizika müəllimidi, ədəbiyyatı onun zəngin kitabxanası və çox mütləqdir ki, ədəbiyyat müəllimələrim Məsmə xanım, Tahirə xanım sayəsində sevsəm də, anam mənə fizikanı da sevdirmişdi. Yalnız mənə deyil, sinifdə heç oxumayan şagirdlər belə fizikadan təriflər bilirdi. Qəliz dərslik dilini çeynəyib-çeynəyib rahat udulacaq hala salıb şagirdlərinə ötürürdü. İllərdi belə mesajlar alıram: Sevimli müəlliməmin qızı… Şagirdlərinə psixoloq idi, arxadaş idi, böyük hərflə Öyrədən-öyrətmən idi. Onlardan birinin bu gün təbrik mesajı belə başlayırdı: Həyat müəllliməm!

Buna baxmayaraq, içində nisgil olub: ədəbiyyata getmədiyi üçün ömrü boyu peşmanlıq duyğusu yaşayıb. Anam bəlkə özü hiss etməyib, onu bu nisgildən peşəsinə - pedaqoqluğa olan sonsuz sevgisi qurtarıb. Nənəm də müəllim idi - fizik alim. Riyaziyyat, kimya nənəm üçün bir udumluq su kimiydi. Elm fizika-riyaziyyatdı, - deyirdi nənəm, - qalanı əlavələrdi. Buna görə də anamı ədəbiyyata qoymayıb. Düz etməyib, bu heç:) Çün, sənət, peşə seçimi özünü seçməyə bərabərdi. Kim olmaq istəyirsən? Bu, həyati məsələdi. Nəçi olmaqla, kim olmaq arasında fərq məşğul olduğun sahəyə sevginlə və o sahədəki başarılarınla bağlıdı. Etdiklərin və qazandıqlarınla… Müəllim qadınların içində böyümüşəm. Xalam da biologiya müəllimidi. Çox savadlı, çox müstəqil və çox dürüst qadınlar. Və…çox müəllim. Gözlərimlə görmüşəm, hücrələrimdə duymuşam: müəllim təkcə “kim” olmur, həm də “kim” yetişdirir. Nəhəng missiyadı! Çox nəhəng. Öyrətmən olmaq misilsiz məsuliyyətdi. Mənə görə, heç bir peşə müəllimliklə tutuşdurula bilməz. Təməl atır, bünövrə qoyur, heç vaxt unudulmayacaq iz buraxır… Uzun illər daha çox sadəcə diplom, hardasa işləmək üçün seçim edənlər pedaqoji sahəyə gedib. Necə böyük yanlış, necə böyük təhlükə… Keçən illərdə qəbul şərtlərini dəyişdilər, keçid balını artırdılar. Müəllim olmaq istəyən, pedaqoqluğu bacaran müəllim olmalıdı, vəssalam. Leksikonundan dünyagörüşünə kimi hər göstərici şərtdi müəllimlikdə. Müəllimə müsahibədə qısa ətəyə görə qızı hamının içində danladığından danışmışdı, elə dərin bir sarsıntı keçirdim izah edə bilmərəm. Uşaqlıq, yeniyetməlik, gənclik - hər biri həssas dövrdü, onlarla ünsiyyətdə ağzından çıxan kəlməyə diqqət etməlisən, sındırmaq olmaz. Pedaqoq məsləhətini təkbətək və çox ehtiyatla deyər, bir: aşağılamaz (adam içində heç olmaz), iki: bunu qəhrəmanlıq kimi danışmaz. Uşağı danlamaq, gedib-gəlib tənqid etmək, üstünə bağırmaq, hətta döymək adi hal olub bizim cəmiyyətdə. Evdə, məktəbdə, hər yerdə… Sonra da fikirləşirik ki, bunca müti, xaraktersiz, zorakı, yarımçıq adam necə yetişib?.. Bu zədələrdən arınıb, sağalıb bütöv olmaq hər adamın bacaracağı iş deyil.

İndiki uşaqlara hüquqları öyrədilir, Beynəlxalq konvensiyadan xəbərləri var, indiki şagird bizdən qat-qat hüquqludur, tam deyil, amma “daha”dı. Bu, gələcək üçün böyük yatırımdı. Müstəqil uşaqlarla, gənclərlə dil tapmaq olduqca çətin gəlir. Amma güzəştə gedən, çəmini tapmağa borclu tərəf bizik - böyüklər. Onların bizlə dil tapmaq öhdəliyi yoxdur, biz doğru ünsiyyətin örnəyini göstərə bilsək, öyrənəcəklər. Çətindi? Əlbəttə, çox! Cəngəllikdə kim kimi istəsə, kim daha güclü olsa öldürə, parçalaya bilər. Sivil cəmiyyət yüksək peşəkarlıq, hüquqilik, qanunilik, təmkin istəyir. Əziz pedaqoqlar! Hamımızın işindən daha çəkili işinizdə Sizə içdən gələn böyük anlayışla təşəkkürümü çatdırır, layiq olduğunuz yerlərə yüksəlməyi diləyirəm. Uğur olsun!

Ana, təbrik edirəm! Ədəbiyyatçı olmadın, amma “Məktəb illəri” şeirin təhsil sahəsinin ana mətninə çevrildi. Kef elə